Tətil günləri nəzərdə tutulduğu qədər olacaq

Təhsil Nazirliyi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir edib-etməyəcəyini açıqlayıb.
Bildirilir ki, yanvarın 17-18-də məktəblərdə tədrisin dayandırılması şagirdlərin yanvarın sonunda olacaq qış tətilinin müddətinin azaldılmasına səbəb olmayacaq və tətil günləri nəzərdə tutulduğu qədər olacaq.
Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Bununla bağlı bütün tədbirlər təxirə salınıb.
2018-2019-cu tədris ili üzrə 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.