Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
Umbakı Penitensiar Kompleksində saxlanılan məhkumlar və onların yaxınları müəssisədə isti suyun, havalandırmanın və ərzaqların saxlanması üçün şəraitin yetərli olmadığını bildirirlər. Onlar yay aylarında kameralardakı istinin dözülməz həddə çatdığını deyirlər.
“Abzas Media”ya daxil olan məlumata görə, kompleksdə isti su həftədə yalnız bir dəfə, 3–4 saat ərzində verilir. Məhkumlar suyu qablara dolduraraq açıq havada, günəş altında qızdırmağa məcbur olduqlarını deyirlər. Bəziləri isə suyu suqızdırıcı vasitəsilə isidir.
Məhkum yaxınlarının sözlərinə görə, hər korpusda yalnız bir kiçik soyuducu var və bu, bütün məhkumların ərzaqlarını saxlamağa kifayət etmir. Ərzaq və ət məhsullarının qarışmaması və itməməsi üçün onların üzərinə saxlanıldıqları otağın nömrəsi yazılır.
Məhkumlar bildirirlər ki, qidaları isitmək üçün kiçik elektrik qızdırıcılarından istifadə etməyə icazə verilmir. Buna görə də bəziləri yeməyi paketə qoyaraq elektrik çaydanında suyu bir neçə dəfə qızdırmaqla isitmək məcburiyyətində qalırlar.
Şikayətdə yay aylarında havalandırmanın da yetərli olmadığı qeyd olunur.
İddiaya görə, yaxınları müəssisəyə ventilyator gətirdikdə girişdə bunun üçün 50 manat qeyri-rəsmi ödəniş tələb olunur. Məlumata görə, kameraların qapılarında havalandırma üçün istifadə oluna biləcək hissələr də açılmır. Bu isə isti havalarda saxlanma şəraitini daha da ağırlaşdırır.
“İstidən ölürük”, – deyə məhkumlardan biri vəziyyəti təsvir edib.
Bundan başqa, məhkumlar gündəlik açıq havada gəzinti vaxtının faktiki olaraq məhdudlaşdırıldığını, televiziya yayımının isə hər gün saat 22:00-da dayandırıldığını deyirlər.
Məhkum yaxınları müəssisədaxili mağazada məhsulların bazar qiymətindən xeyli baha satıldığını da bildirirlər. Onların sözlərinə görə, bazarda təxminən 10 qəpiyə satılan bir ədəd yumurta kompleksdəki mağazada 30 qəpiyə təklif olunur. Şikayətçilər digər məhsulların da əksəriyyətinin bazar qiymətindən təxminən iki dəfə baha olduğunu deyirlər.
“Abzas Media” qeyd olunan iddialarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatına informasiya sorğusu göndərib. Material dərc olunanadək qurumlardan cavab daxil olmayıb.










