Fransada yaşayan ADP üzvünün atası polis təzyiqi ilə üzləşdiyini iddia edir...
Hüseynov Sadiq Həsən oğlu mediaya müraciət edərək bildirib ki, oğlu Hüseynov Sənan Sadiq oğlu (06.02.1995) 16 fevral 2021-ci ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvüdür və 24 iyun 2025-ci ildən Fransada yaşayır.
Onun sözlərinə görə, oğlunun 11 iyul 2026-cı il tarixində keçirilən etiraz aksiyasında iştirak etməsindən sonra özü polis tərəfindən təzyiqlə üzləşib.
Sadiq Hüseynov bildirib ki, 15 iyul 2026-cı il səhər saatlarında, işə gedərkən polis əməkdaşları onu saxlayaraq əvvəlcə evdə söhbət aparıblar, daha sonra isə Abşeron Rayon Polis Şöbəsinə aparıblar.
Onun iddiasına görə, polis şöbəsində oğlunun fəaliyyəti, xüsusilə "Azad Platforma" adlı TikTok səhifəsi və 11 iyul tarixli mitinqdə iştirakı ilə bağlı suallar verilib. O bildirib ki, polis əməkdaşları TikTok səhifəsinin silinməsini və oğlunun mitinqlərdə iştirakına son qoymasını tələb ediblər.
Sadiq Hüseynovun sözlərinə görə, o, bir neçə saat polis şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb. Lakin polis əməkdaşlarının ona "belə davam etsə, axırı pis olacaq" deyərək hədə-qorxu gəldiyini iddia edib.
Məlumata görə, 16 iyul 2026-cı il tarixində Sadiq Hüseynov baş verən hadisə ilə bağlı rəsmi qaydada şikayət edib və həmin gün məsələ ictimaiyyətə açıqlanıb.
Qeyd: Məqalədə yer alan məlumatlar mediaya müraciət edən Hüseynov Sadiq Həsən oğlunun iddialarına əsaslanır. Bu iddialarla bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi hələlik məlum deyil.










