Qadın məhbuslara görə aclıq edən inanclı fəalların “kars”a salındığı bildirilir
Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasında aclıq aksiyası keçirən dörd inanclı fəalın cərimə kamerasına (“kars”a) salındığı bildirilir.
Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, aclıq aksiyası keçirən inanclı məhbuslar intizam tədbiri kimi cərimə kamerasına yerləşdirilib.
İyulun 11-də Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev və Vüqar Əliyevin aclıq aksiyasına başladığı açıqlanmışdı. İyulun 13-də isə həmin müəssisədə saxlanılan hərəkatın digər üzvü Elvin Zeynalovun da aksiyaya qoşulduğu bildirilib.
Məhbuslar altı inanclı qadın fəalın və doqquz qadın jurnalistin “şərlənərək həbs olunduğunu” bildirərək buna etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiklərini deyiblər.
Hazırda “Abzas Media” və “Meydan TV”nin qadın jurnalistləri qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq da daxil olmaqla bir sıra ittihamlarla həbsdə saxlanılırlar. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə təqib olunduqlarını bildirirlər.
İnanclı qadın fəallar isə ötən il avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayaraq Fələstinə dəstək şüarları səsləndirdikdən sonra saxlanılıblar. Onlar xuliqanlıq və ictimai qaydanı pozmaqda ittiham olunurlar. Fəallar da ittihamları rədd edir və həbslərinin siyasi motivli olduğunu bildirirlər.
Yerli hüquq müdafiə təşkilatlarının hesabatına görə, Azərbaycanda hazırda 330-adək siyasi məhbus hesab edilən şəxs var. Hakimiyyət isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi qurumlar bildirirlər ki, həbs edilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar və onların işi siyasi fəaliyyətləri ilə bağlı deyil.










