Həftənin hərbi-siyasi icmalı: NATO-nun Ankara sammiti: Cənubi Qafqaz üçün hansı ssenarilər var?
yulun 7–8-də Ankarada keçirilən NATO sammitində Ukraynaya dəstək, Alyans ölkələrinin müdafiə xərclərinin artırılması və hərbi sənayenin gücləndirilməsi əsas müzakirə mövzuları olub.
Sammitin yekununda qəbul edilən beş bəndlik bəyannamədə Cənubi Qafqaz ayrıca qeyd olunmasa da, NATO-nun Rusiya, İran və Türkiyə ilə bağlı siyasətinin regiona dolayı təsir göstərəcəyi gözlənilir.
Alyansın qarşıdakı dövrdə Cənubi Qafqaz–Rusiya–İran–Türkiyə dördbucağında hansı siyasəti yürüdəcəyi, ABŞ və Avropa dövlətləri arasında Ukrayna və İran məsələləri üzrə fikir ayrılıqlarının regiona necə təsir göstərəcəyi hələ də açıq qalır.
“Abzas Media” Çexiya, Latviya, Serbiya və Azərbaycandan olan ekspertlərlə sammitin nəticələrini və Cənubi Qafqaz üçün mümkün ssenariləri müzakirə edib.
Ankara sammitinin əsas nəticələri
Praqada yerləşən Beynəlxalq Münasibətlər Assosiasiyasının tədqiqatçısı Pavel Havliçek hesab edir ki, Ankara sammiti həm Çexiya, həm də NATO üçün ümumilikdə faydalı keçib.
“Ən mühüm məsələlərdən biri Ukraynaya dəstəyin növbəti iki il üçün konkret forma almasıdır. Ukraynaya hər il 70 milyard avrodan çox yardım göstərilməsi vəd edildi. Beləliklə, Rusiyanın davam edən təcavüzünə qarşı mübarizə fonunda Alyansın birliyi qorundu və hətta daha da gücləndi”, - Havliçek bildirib.
Bununla belə, Çexiya Ukraynaya əlavə dəstək öhdəliyinə qoşulmayıb. Ekspert bunu ölkənin hakim koalisiyası daxilindəki fikir ayrılıqları ilə əlaqələndirir. Onun sözlərinə görə, Çexiya daha əvvəl Avropa İttifaqının Ukraynaya kredit formasında yardım təşəbbüsünə də tərəddüdlə yanaşmışdı.
İslamabadda fəaliyyət göstərən latviyalı xarici siyasət eksperti Eldar Mamedov da sammitin əsasən gözlənilən nəticələrlə başa çatdığını düşünür. Onun fikrincə, kollektiv müdafiə xərcləri və Ukraynaya uzunmüddətli dəstək görüşün əsas mövzuları olub.
Ekspert sammitin transatlantik münasibətlərdəki gərginliyin hələ də aradan qalxmadığını göstərdiyini bildirir. Bununla yanaşı, o, görüşü ABŞ-nin Ukrayna siyasətində dönüş nöqtəsi hesab edir.
“Trampın Ukrayna rəhbərliyi ilə müsbət görüşü göstərdi ki, Vaşinqton Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrinin münaqişənin başa çatması üçün şərait yarada biləcəyinə daha çox inanır. Tramp bu hücumları “müharibənin bitməsinə kömək edə biləcək eskalasiya” adlandırdı. Dövlət katibi Marko Rubio isə bunun danışıqlar üçün məkan yaratdığını bildirdi”, – o qeyd edib.
Mamedovun fikrincə, “deeskalasiya üçün eskalasiya” yanaşması ABŞ-nin əvvəlki mövqeyindən nəzərəçarpacaq uzaqlaşmadır və müharibənin gedişinə təsir göstərə bilər.
Serbiyalı təhlükəsizlik və strateji məsələlər üzrə məsləhətçi Nikola Luniç isə sammitin köklü deyil, mərhələli nəticələr verdiyini düşünür.
Luniçin fikrincə, sammitdə siyasi görüntü məzmundan daha çox ön plana çıxıb:
“Bu, nə strateji sıfırlanma, nə də doktrinal dönüş idi. Bu, Alyans daxilində birliyi idarə etmək cəhdi idi. NATO siyasi nüvəsinin artıq əvvəlki qədər sabit olmadığını görərək sənaye əsaslarını gücləndirməyə çalışır”.
Siyasi təhlilçi, Azərbaycan Xalq Parlamentinin üzvü Ərəstun Oruclu da hesab edir ki, sammitin əsas məqsədlərindən biri NATO daxilində birliyi bərpa etmək və ya belə bir görüntü yaratmaq olub.
O, sammitdə qəbul edilən beş bəndlik sənədi “dekorasiya” adlandırır:
“Bu dekorasiyanın arxasında nəyin dayandığını söyləmək hələ çətindir. Razılaşdırılan məsələlərin necə həyata keçiriləcəyi, imkanların nə qədər yetərli olacağı və ziddiyyətlərin hansı səviyyədə aradan qaldırılacağı açıq qalır. Buna görə də nəticələrlə bağlı indidən qəti proqnoz vermək ciddi olmaz”.
Sammit Ukrayna, Rusiya və İrana necə təsir edə bilər?
Pavel Havliçek hesab edir ki, sammitin nəticələri Ukrayna üçün müsbət, Rusiya üçün isə mənfi olacaq. Onun fikrincə, Moskva yenidən Avropa üçün ən ciddi təhlükə kimi NATO-nun gündəliyinin mərkəzinə qayıdıb.
Eldar Mamedovun sözlərinə görə, Kiyev və Qərb tərəfdaşlarının strategiyası Ukraynanın Rusiya ərazisindəki hədəflərə intensiv zərbələr endirməsinə, Krımın təcrid olunmasına və Rusiyada yanacaq böhranının dərinləşməsinə əsaslanır.
Bu strategiyanın məqsədi Kreml üçün elə ciddi problemlər yaratmaqdır ki, Moskva ya cəbhə xətti boyunca atəşkəsə razılaşsın, ya da ölkə daxilindəki iqtisadi və siyasi problemlər səbəbindən daha ağır sülh şərtləri ilə üzləşsin.
“Mövcud vəziyyət Kremlin əvvəlki tükəndirmə müharibəsi strategiyasına birbaşa təhdiddir. Moskva insan resurslarındakı üstünlüyündən və Avropada Ukraynaya dəstəyin zəifləməsi ehtimalından istifadə edərək bir, iki və ya üç il ərzində qələbə qazanmağı planlaşdırırdı. Bunu iqtisadiyyatı tamamilə müharibə rejiminə keçirmədən və yeni səfərbərlik elan etmədən etmək istəyirdi. İndi isə bu strategiya ciddi sınaq qarşısındadır”, – ekspert bildirib.
Onun fikrincə, Rusiya rəhbərliyi ya mövcud strategiyanı köklü şəkildə dəyişməli, ya da cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasına razılaşmalıdır.
İran məsələsində isə Mamedov NATO-nun məsafəli mövqe tutduğunu düşünür.
“Alyansın baş katibi ABŞ-nin İrana zərbələrini dəstəkləsə də, NATO Hörmüz boğazını açmaq üçün səfərbər olmağa həvəs göstərmir. Bu da Trampın seçimlərini məhdudlaşdırır. O, genişmiqyaslı yeni müharibə hədəsi ilə yeni saziş çağırışı arasında tərəddüd edir. Hərbi əməliyyatları yenidən başlatmaq barədə danışmaq bunu həyata keçirməkdən daha asandır”, – o deyib.
Ekspert hesab edir ki, aralıq seçkilərin yaxınlaşması və İranla müharibənin ABŞ cəmiyyətində populyar olmaması Tramp administrasiyasının imkanlarını məhdudlaşdırır.
Nikola Luniç də sammitin Ukrayna üçün əhəmiyyətli olduğunu, lakin ölkənin NATO-ya üzvlüyünə dair heç bir təqvim müəyyən edilmədiyini vurğulayır.
İranla bağlı isə o hesab edir ki, Trampın NATO ölkələrinin ABŞ-yə yardım etmək istəməməsindən açıq narazılığı Alyans daxilindəki daha dərin problemi ortaya qoyur:
“Böhran Avro-Atlantik məkanından kənara çıxdıqda NATO həmrəyliyinin nə qədər zəiflədiyi aydın görünür”.
Luniçin fikrincə, Rusiya NATO-nu birləşdirən əsas təhlükə olaraq qalır. Lakin hazırkı çəkindirmə siyasəti siyasi və doktrinal deyil, daha çox sənaye xarakteri daşıyır.
Bu siyasət yeni strateji konsepsiyalarla deyil, silah istehsalı, hərbi ehtiyatlar, dəqiq zərbə vasitələri, hava və raketdən müdafiə imkanları ilə ölçülür.
Ərəstun Oruclu isə hesab edir ki, ABŞ üçün hazırda İran məsələsi Ukraynadan daha vacibdir. Onun fikrincə, Vaşinqton Ukrayna məsələsində Avropa ölkələrinə güzəştə gedərək İranla bağlı onların dəstəyini almağa çalışa bilər.
“Ola bilsin, ABŞ yaxın vaxtlarda və ya gələn ilin əvvəlində İrana qarşı yeni hərbi addım atsın. Bu halda NATO-nu da səfərbər etməyə çalışacaq. İran müharibəsində uğursuzluq ABŞ-nin yalnız Yaxın Şərqdə mövqelərini itirməsi deyil, həm də qlobal güc kimi zəif görünməsi deməkdir”, – təhlilçi bildirib.
Oruclunun fikrincə, burada Ukrayna və İran məsələləri arasında siyasi mübadilə mümkündür:
“Tramp Ukrayna məsələsində Avropaya güzəştə gedir ki, Avropa ölkələri də İran məsələsində ABŞ-yə dəstək versin. Türkiyənin bu prosesə cəlb olunması da Tramp administrasiyası üçün əsas vəzifələrdən biridir”.
Təhlilçi bildirir ki, Ukraynanın əlavə silahlandırılması Rusiyanın vəziyyətini çətinləşdirə bilər. Bununla yanaşı, Moskva da cavab olaraq Ukraynaya qarşı daha sərt addımlar ata və İrana hərbi-texniki, kəşfiyyat və kosmik dəstəyini artıra bilər.
Ukraynanın silahlandırılması: imkanlar və risklər
Pavel Havliçek NATO-nun Ukraynaya dəstək qərarını uzunmüddətli təhlükəsizlik təminatı kimi qiymətləndirir. Onun sözlərinə görə, Alyansın ayrı-ayrı üzvləri və Avropa İttifaqı da buna paralel şəkildə Ukraynaya yardım göstərir.
Eldar Mamedov hesab edir ki, 70 milyard avroluq paket NATO-nun Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsinə vahid siyasi dəstəyin mühüm göstəricisidir.
Nikola Luniç isə bildirir ki, maliyyə vədi Kiyevə tam təminat deyil, müəyyən proqnozlaşdırıla bilənlik verir.
Onun sözlərinə görə, “Sənaye üçün NATO-nun ön qapısı” təşəbbüsü və NATO–sənaye əməkdaşlığı üzrə yeni strategiya real hərbi sənaye səfərbərliyinin başlanmasından xəbər verir.
Dəqiq zərbə vasitələri, inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemləri, pilotsuz vasitələr və kəşfiyyat imkanları artıq siyasi vədlərdən konkret satınalma proqramlarına keçir.
Lakin ekspert bu yardımın məhdudiyyətlərinə də diqqət çəkir:
“Bu, Ukraynanı NATO-ya qəbul etmək vədi deyil, onu ayaqda saxlamaq vədidir. Maliyyə ayrılır, amma üzvlüklə bağlı təqvim verilmir. Çünki həmin vəsait bu suala cavab vermək üçün nəzərdə tutulmayıb”.
Luniç qeyd edir ki, maliyyənin real hərbi imkanlara çevrilməsi illər tələb edə bilər. Bundan başqa, yardımın maliyyələşdirilməsi və prosesin Vaşinqton tərəfindən necə idarə olunacağı ilə bağlı suallar qalır.
Ərəstun Oruclu da hesab edir ki, Ukraynaya yaxın müddətdə həlledici üstünlük verəcək həcmdə silah çatdırılması real görünmür.
“İranla müharibənin 20-ci günündə ABŞ-nin özünün silah ehtiyatlarının tükənmək üzrə olduğu göründü. NATO-nun bəzi ölkələri istisna olmaqla, Alyans daxilində hərbi sənayenin istehsal səviyyəsi ürəkaçan deyil. Ukraynaya güclü silahların verilməsi və hərbi sənayenin dirçəldilməsi zaman tələb edir. Bunu bir və ya iki ilə həyata keçirmək mümkün deyil. Təkcə maliyyə ayırmaq kifayət etmir”, – təhlilçi bildirib.
Rusiya NATO-nun qərarlarına necə cavab verə bilər?
Pavel Havliçek hesab edir ki, Rusiya NATO-nun sənaye və texnoloji imkanları ilə uzunmüddətli rəqabət aparmaq gücündə deyil.
“NATO-nun qərarı yalnız Ukraynaya dəstəyi deyil, hərbi sənayeyə və daxili dayanıqlığa investisiyaları da əhatə edir. Moskva həm maliyyə, həm də texnologiya baxımından bunların öhdəsindən gələ bilməz”, – o bildirib.
Eldar Mamedov isə Rusiyanın eyni vaxtda iqtisadi, sosial və siyasi problemlərlə üzləşdiyini deyir.
Onun sözlərinə görə, Ukraynanın neft emalı zavodlarına zərbələri yanacaq çatışmazlığına, büdcə itkilərinə, kənd təsərrüfatı və logistika üçün problemlərə səbəb olub. Neft qiymətlərinin azalması da Rusiya iqtisadiyyatına əlavə təzyiq göstərir.
Ekspert bildirir ki, benzin növbələri Kremlin müharibə ilə bağlı təbliğatını zəiflədir və cəmiyyətdə narazılıq yaradır. Eyni zamanda, müharibə tərəfdarı olan sərt xətt nümayəndələri Putini eskalasiyaya sövq edə bilərlər.
“Kreml yaxın həftələrdə hava hücumundan müdafiəni gücləndirməyə və tükəndirmə strategiyasını qorumağa çalışacaq. Bu baş tutmasa, Putin yeni səfərbərlik, nüvə eskalasiyası və ya cəbhə xətti boyunca atəşkəs arasında seçim etməli olacaq. Atəşkəs hazırda Moskvanın istəmədiyi, lakin ən təhlükəsiz seçimdir”, – Məmedov deyib.
Nikola Luniç isə hesab edir ki, Rusiya NATO-nun sənaye imkanları ilə eyni müstəvidə rəqabət aparmağa çalışmayacaq. Moskvanın cavab tədbirləri daha ucuz və asimmetrik olacaq.
“Trampın İspaniyanı açıq tənqid etməsi və Qrenlandiya ilə bağlı iddiaları yenidən səsləndirməsi Moskvanın təbliğat işini onun əvəzinə görür. Bu, Kremlə daxildən parçalanan NATO barədə hazır süjet verir”, – ekspert bildirib.
Ərəstun Oruclu da NATO qərarlarının Rusiyanın itkilərini artıra biləcəyini, lakin Ukraynanın müharibədə dönüş yaradacaq səviyyədə silahlandırılmasının çətin olduğunu düşünür.
O, nüvə silahından istifadə riskinin arta biləcəyini də istisna etmir:
“Rusiyanın hərbi sənayesi də ağır vəziyyətdədir və ölkə hələ tam səfərbərliyə hazır deyil. Moskva enerji və hərbi sənaye imkanlarının tükəndiyini görərsə, NATO və xüsusilə Avropa ölkələrini çəkindirmək üçün nüvə silahından istifadə riskinə gedə bilər”.
Cənubi Qafqaz Ankara sammitindən nə qazana bilər?
Pavel Havliçek hesab edir ki, NATO-nun qərarlarında Cənubi Qafqaz əsas yer tutmasa da, Türkiyənin Alyans daxilində mövqeyinin güclənməsi region üçün müəyyən imkanlar yarada bilər.
Onun sözlərinə görə, Azərbaycan və müəyyən dərəcədə Gürcüstan Türkiyə ilə sıx əməkdaşlıqdan faydalana bilər. Ermənistan üçün isə bu imkanlar daha məhduddur.
“Cənubi Qafqaz Alyans daxilində münasibətlərin möhkəmlənməsindən və xüsusilə Türkiyənin statusunun artmasından faydalana bilər”, – Havliçek bildirib.
Eldar Mamedov xatırladır ki, NATO-nun yekun bəyannaməsində Cənubi Qafqaz ölkələrinin adı çəkilməyib. Buna görə də sammitin regiona birbaşa təsiri gözlənilmir.
Onun fikrincə, NATO-nun Rusiya təhlükəsinə diqqəti Ermənistan və Azərbaycanın Moskvadan asılılığı azaltmaq siyasəti ilə müəyyən mənada üst-üstə düşür. Lakin sənəddə Cənubi Qafqazın NATO-nun şərq cinahına çevrilməsi niyyətindən söhbət getmir.
“Region ölkələri çoxvektorlu xarici siyasət yürüdürlər. Ermənistan Qərbə yaxınlaşarkən İranla münasibətlərini qoruyur. Azərbaycan da Tehranla qarşıdurmaya getməmək üçün həssas siyasət aparır”, – ekspert bildirib.
Nikola Luniç isə hesab edir ki, Cənubi Qafqaz 1990-cı illərdən sonra ilk dəfə yenidən ciddi strateji əhəmiyyət qazanıb. Bu dəfə regiona maraq siyasi simpatiyalardan deyil, enerji, nəqliyyat dəhlizləri və coğrafi mövqedən qaynaqlanır.
Onun sözlərinə görə, regional analitiklərin bir hissəsi Azərbaycanı potensial regional mərkəz, Ermənistanı sülh prosesinə uyğunlaşan iştirakçı, Gürcüstanı isə təsirini itirmək riski ilə üzləşən ölkə kimi qiymətləndirir.
Ekspert bunu Gürcüstanın sammitin üç əsas istiqamətindən – müdafiə xərcləri, müdafiə sənayesi və Ukraynaya dəstək məsələlərindən geri qalması ilə əlaqələndirir.
“Qafqaz artıq Avropa təhlükəsizliyi üçün periferik region kimi görünmür. Avropanı Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən enerji marşrutları, nəqliyyat dəhlizləri və logistika xətləri bu regiondan keçir. Türkiyə, Rumıniya və Bolqarıstanın Qara dəniz infrastrukturunun qorunması üzrə əməkdaşlığı genişləndirməsi də Qafqazın əhəmiyyətini artırır”, – Luniç bildirib.
Onun fikrincə, Azərbaycanın Türkiyənin Cənubi Qafqazdakı əsas tərəfdaşı olması, Avropanın enerji təhlükəsizliyindəki rolu və Orta Dəhlizdə yerləşməsi Bakının əhəmiyyətini daha da artırır.
Bununla belə, ekspert Cənubi Qafqazın NATO-nun “cənub-şərq cinahına” çevrildiyini söyləməyi tez hesab edir:
“Bu ifadə hələ mövcud olmayan bir strukturu qabaqlayır. NATO regionla münasibətləri üzvlük və siyasi müttəfiqlik kimi deyil, tərəfdaşlıq formatında təqdim edir”.
Luniç qeyd edir ki, Rusiya və İran Qafqazdakı bəzi nəqliyyat layihələrini “Türk” və ya “NATO marşrutları” kimi qiymətləndirərək narahatlıqlarını açıq şəkildə bildiriblər.
Onun sözlərinə görə, Azərbaycan hazırda NATO üçün təhlükəsizlik təminatı alan ölkə deyil, enerji və bağlantı tərəfdaşı kimi “funksional əhəmiyyət” qazanır:
“Ukrayna ilə tərəfdaşlığın NATO üçün cəbhə xətti əhəmiyyəti qazanması təxminən on il çəkdi. Xəzər hövzəsində, Orta Dəhlizdə və ya İran ətrafında yeni böhran yaranarsa, Bakının NATO-nun diqqətinin kənarından mərkəzinə yaxınlaşması üçün daha az vaxt tələb oluna bilər”.
Ərəstun Oruclu isə Cənubi Qafqaz ölkələrinin yaxın gələcəkdə NATO ilə geniş inteqrasiyaya getməsini real hesab etmir.
Onun fikrincə, Ukrayna nümunəsi region ölkələrini ehtiyatlı davranmağa məcbur edir:
“Hər kəs anlayır ki, NATO-ya yaxınlaşmaq Rusiyanı və İranı qıcıqlandıra, hər üç Cənubi Qafqaz ölkəsinin təhlükəsizliyini ciddi risk altına sala bilər. Buna görə də yaxın on il ərzində regionun NATO-nun cinahına çevriləcəyini düşünmürəm”.
Təhlilçi bildirir ki, proses geosiyasi vəziyyətin dəyişməsindən və Rusiya–Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq.
“Rusiya Ukraynada məqsədlərinin heç olmasa bir hissəsinə nail olsa, işğal etdiyi əraziləri saxlaya və Qərbi Ukraynaya daha geniş dəstəkdən çəkindirə bilsə, Cənubi Qafqaz ölkələri üçün NATO mövzusu uzun müddət gündəmdən çıxa bilər”, – Oruclu bildirib.
Onun fikrincə, Ankara sammitinin Cənubi Qafqaza dərhal və birbaşa təsiri gözlənilməsə də, region Rusiya, İran və Türkiyə arasında yerləşdiyi üçün həmin ölkələrin daxil olduğu bütün münaqişələrdən təsirlənir.
Rusiya və İranın müharibə şəraitində olması regiondan keçməsi nəzərdə tutulan beynəlxalq kommunikasiya xətlərinin və nəqliyyat dəhlizlərinin inkişafını ləngidir. Azərbaycan–Ermənistan sülh prosesində həlledici dönüşün baş verməməsi də qeyri-müəyyənliyi artırır.
Oruclunun fikrincə, Ermənistanın Rusiya ilə ümumi sərhədi olmasa da, Azərbaycan və Gürcüstan Moskvanın mümkün reaksiyasını nəzərə alaraq NATO-ya açıq şəkildə yaxınlaşmaqdan çəkinəcəklər.










