Lənkəran həbsxanasında fiziki məhdudiyyətli ana qızı ilə görüşə bilməyib, əlil arabası qapıdan keçməyib
Lənkəran Penitensiar Kompleksində saxlanılan Ayşən Məmmədlinin fiziki məhdudiyyətli anası müəssisənin girişinin əlil arabası üçün uyğun olmaması səbəbindən qızı ilə görüşə bilməyib. Məmmədli anasını 11 aydır görmədiyini deyir.
Bu barədə Ayşən Məmmədli “Abzas Media”ya məlumat verib.
Onun sözlərinə görə, iyulun 13-də anası qızı ilə görüşmək üçün Şirvandan Lənkəran Penitensiar Kompleksinə gətirilib. Bir ayağı amputasiya olunduğu üçün əlil arabasından istifadə edən qadının müəssisəyə daxil olmasına icazə verilməyib. Həbsxana əməkdaşları əlil arabasının giriş qapısından keçmədiyini bildiriblər.
Məmmədlinin iddiasına görə, əməkdaşlar anasını kişi əməkdaşın qucağında içəri aparmağı təklif ediblər. Atası həyat yoldaşını özünün içəri keçirə biləcəyini desə də, buna razılıq verilməyib.
“Deyiblər ki, onu kişi əməkdaş qucağına alıb qapıdan keçirə bilər. Atam da etiraz edib ki, həyat yoldaşımı başqası niyə qucağına alsın, özüm keçirərəm. Amma buna icazə verməyiblər, bildiriblər ki, onu yalnız müəssisənin əməkdaşı içəri keçirə bilər”, – Ayşən Məmmədli deyib.
Onun sözlərinə görə, 54 yaşlı anasının ayağı 7-8 ay əvvəl şəkərli diabet səbəbindən amputasiya olunub. Qadın görüşdən əvvəl telefon danışığı zamanı səhhətinin ağır olduğunu və buna görə qızını görmək istədiyini bildirib.
“Telefonda dedi ki, bilmirəm gələn aya sağ çıxacağam, ya yox, ona görə indi gəlib səni görüm. Anamın təzyiq və şəkər xəstəliyi var. Ayağını da şəkərli diabetə görə kəsiblər. Elə sevinirdim ki, anam gəlir. Həyətdən güllər dərmişdim, şirniyyat bişirmişdim. Şirvandan gəlib iki saat günün altında gözləyiblər, axırda da deyiblər ki, sizi buraxa bilmərik. İki saat sonra gəlib mənə xəbər verdilər. Ağlamaqdan mənim də şəkərim qalxdı”, – məhkum bildirib.
Ayşən Məmmədli deyir ki, kompleksdə hərəkət məhdudiyyətli şəxslər üçün pandus yoxdur, müəssisənin infrastrukturu onların sərbəst hərəkətinə uyğunlaşdırılmayıb.
“Bu, yalnız bir ailənin problemi deyil. Qapıların uyğun olmaması və pandusların yoxluğu səbəbindən insanları görüş hüququndan məhrum etmək olmaz”, – o bildirib.
Məhkumun sözlərinə görə, hadisədən sonra müəssisənin tərbiyə işləri üzrə rəis müavini Ruslan adlı şəxs atasının həyat yoldaşını özü içəri keçirmək təklifi vermədiyini deyib. O bildirib ki, belə bir təklif olsaydı, buna maneə yaradılmazdı.
Ayşən Məmmədli isə anası ilə növbəti telefon danışığı zamanı atasının bu təklifi verdiyini, əməkdaşların isə razılaşmadığını öyrəndiyini deyir.
Məmmədli baş verənləri ailə üzvləri ilə görüş hüququnun pozulması kimi qiymətləndirir. O hesab edir ki, müəssisənin fiziki məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmaması anası ilə görüşməsinə mane olub.
“Abzas Media” məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu göndərib. Sorğuya cavab verilməyib.










