Ələsgər Məmmədli: “Azad fikri, azad sözü dəmir barmaqlıqlar arxasına məhkum etmək mümkün deyil”
“Toplum TV işi” üzrə 2024-cü ilin martından həbsdə saxlanılan media hüququ üzrə ekspert, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli üçüncü dəfədir Milli Mətbuat Gününü həbsxanada keçirir.
Elə Milli Mətbuat Günü ərəfəsində “Abzas Media”ya müsahibə verən media eksperti Azərbaycanda media azadlığının vəziyyəti, müstəqil medianın sıradan çıxarılmasının cəmiyyət və dövlət üçün yaratdığı risklər, jurnalistlərə qarşı cinayət təqibləri və bu siyasətin ölkənin beynəlxalq öhdəlikləri ilə ziddiyyəti barədə danışıb.
Ələsgər Məmmədlinin “Abzas Media”ya müsahibəsini təqdim edirik.
- Milli Mətbuat gününü həbsxanada keçirdiyiniz bir vaxtda Azərbaycanda media azadlığının vəziyyətini necə qiymətləndirirsiniz?
- Artıq üçüncü ildir Milli Mətbuat gününü həbsxanada qarşılayıram. Mən 2016-cı ildə Milli Mətbuat günü Azərbaycanda mətbuatın banisi Həsən bəy Zərdabinin adını daşıyan Azərbaycan Jurnalistlər Birliyinin mükafatını almışdım. O zaman təbrik edilərkən təşəkkür nitqimdə bir ifadə işlətmişdim: “Həsən bəy Zərdabi evini satıb mətbuat qurdu, indi jurnalist adına iddia edən bir qrup mətbuatı “satıb” özünə ev qurur”. Bu, o zaman idi ki, mətbuat işçiləri və jurnalistlər üçün mənzillər tikib verirdilər. Sonradan o alveri edənlər də gözdən düşdü və mətbuatdan getdi. Lakin mətbuat azadlığı, media müstəqilliyi bir az da geri gedib. Azərbaycan müstəqillik dövründə həmişə media azadlığı indeksində gerilərdə olub. Lakin heç vaxt 171-ci yerə geriləməmişdi. Hazırda 180 ölkə arasında 171-ci yerdə qərarlaşmaqla “Azad media olmayan” ölkələrin zirvəsinə oturub. 26 il media azadlığını təbliğ və tədris edən, media hüququnun öyrədilməsi ilə məşğul olan və jurnalistlərin, medianın hüquqlarının müdafiəsi ilə məşğul olan bir peşəkar media hüquqşünası kimi bu fəaliyyətimə görə artıq üç ildir şərlənib haqsız-hüquqsuz həbsdə saxlanmağım media azadlığının çox aydın xülasəsidir. Hal-hazırda mənim kimi həbsdə saxlanılan media əməkdaşlarının-jurnalistlərin sayı 36 nəfərdir. Lakin buraya ifadə azadlığının ümumi qurbanlarının sayı daxil deyil. Onların sayı dəfələrlə çoxdur.
Ümumiyyətlə media azadlığının vəziyyətinin qiymətləndirilməsi zamanı bir bir neçə parametrə baxılır. Bunun birincisi medianın hüquqi vəziyyətidir - yəni, qanunvericiliyin vəziyyəti. 2022-ci ildə qəbul olunan “Media haqqında” Azərbaycan Respublikasının Qanunu beynəlxalq standartlara uyğun deyil. Bununla bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyində ətraflı qeyd olunub. Bu rəyin formalaşmasında mən də bir media hüququ peşəkarı kimi zamanında öz qatqımı vermiş, bu qanunun problemlərini həm Milli Məclisin deputatları ilə, həm də cəmiyyətin nümayəndələri ilə paylaşmışam. Avropa standartlarına görə, tele-radio mediasını dövlət tənzimləyə bilər, lakin bu zaman tənzimləyici qurum kolleqial olmalı və parlament siyasi konfiqurasiyasına uyğun - iqtidar və müxalifət nümayəndələrinin təqdimatı ilə formalaşmalıdır.
Azərbaycanda tele-radio sahəsini tənzimləyən qurum mərkəzi İcra Hakimiyyətinin tərkibinə verilib və bütün media resursları - qəzet, jurnal, onlayn media, sosial media - mərkəzi İcra Hakimiyyəti orqanı vasitəsi ilə tənzimlənir. Bu qurumun rəhbəri seçilmir, təyin olunur. Əlbəttə, bu format Avropa standartlarına ziddir. Medianın iqtisadi dayanıqlığı, reklam imkanları şəffaf deyil və məhduddur.
Media peşəkarlığında ciddi problemlər var. Mövcud yayım mediası tamamilə hökumət kontrolundadır və siyasi təbliğat vasitəsi olaraq cəmiyyətin yox, hökumətin mənafelərindən çıxış edir. Elementar media peşəkarlığı üçün zəruri olan balans, obyektivlik, qərəzsizlik, tərəfsizlik, operativlik, müstəqillik mövcud deyil. Media sahəsində media advokasisi ilə məşğul olan bütün ictimai təşkilatlar məhv edilib, rəhbərləri, əməkdaşları ya həbsə atılıb, ya da ölkəni tərk etməli olub.
Qısacası, Azərbaycanda media azadlığı ən dibə vurub və onu oradan çıxarmaq əvəzinə daha da dərinə gömmək yolu tutulub.
- Son illərdə qanunvericilik və praktikanın media mühitinə təsirini necə qiymətləndirirsiniz?
- Media mühiti media azadlığı ilə çox sıx bağlıdır. Azərbaycanda 1999-cu ildən etibarən media qanunvericiliyində hökumət davamlı “kəmər sıxmağa” cəhd edib. 2000-ci illərin əvvəlində hələ neft bumu olmayanda Azərbaycan Avropaya - mədəni dünyaya inteqrasiyada çox maraqlı idi və Avropa standartlarını sürətlə mənimsəməyə meyilli görünürdü. O zaman “KİV haqqında” Qanundan tele-radio sektoru ayrıldı, formal da olsa, ayrı qanun qəbul olundu, Milli Televiziya və Radio Şurası (MTRŞ) yaradıldı, İctimai TV yaratma öhdəliyi yerinə yetirildi (onun gerçək ictimai missiyası heç vaxt olmasa da) və s. Lakin 2005-ci ildə artıq verilən azadlıqlar sürətlə geri alınmağa başladı. 2 mart 2005-ci il - Elmar Hüseynovu yaşadığı evin blokunda peşəkar killerin tək güllə ilə öldürməsi, ardınca 2007-ci ildə həbsə atılan jurnalistlərin sayı iki dəfədən çox artaraq 13 nəfərə çatması, hökumətin neft gəlirlərinin artması ilə media azadlığının azalmasının tərs mütənasibliyi başlamış oldu. Ardıcıl qanunvericilikdə məhdudlaşdırıcı normalar artdı. Media mənsublarının təqibi, özəlliklə cinayət təqibləri artdı. Cinayət Məcəlləsinə yeni məhdudlaşdırıcı normalar əlavə olundu. “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan “ombudsman” institutu formalaşmadan qanunvericilikdən çıxarıldı. Qanunlar sərtləşdikcə media və jurnalistlər daha ciddi basqı hiss etməyə başladı. Praktikada isə tənqidi jurnalistlərin - Elmar Hüseynovun, Rafiq Tağının, Rasim Əliyevin öldürülməsi, bir çox tənqidi fəaliyyətlə məşğul olan jurnalistlərin cinayət təqibi ilə həbsə atılması təbii olaraq qorxu mühiti yaratdı. Hər il peşəkar, tərəfsiz, obyektiv media və jurnalistlərin sıraları seyrəlməyə başladı. Media və jurnalistlərin hüquqlarını qoruyan peşəkar təşkişatlar yavaş-yavaş tarixin arxivinə getdi. Artıq nə media qurumlarının, nə də jurnalistlərin hüquqlarını qoruyan Vətəndaş Cəmiyyəti təşkilatları Azərbaycanda fəaliyyət göstərir. Hətta fərdi şəkildə mənim kimi media hüququ ilə məşğul olan, jurnalist hüquqlarını qoruyan fərdlər belə siyasi sifarişlərlə cinayət təqibinə məruz qaldı.
- Azərbaycanda medianın fəaliyyətini məhdudlaşdıran əsas problemlər hansılardır?
- Bilirsiniz, insan orqanizmində orqanlarından biri normal fəaliyyət göstərməyəndə, digər orqanların da fəaliyyətində problemlər yaranır. Cəmiyyət də vahid orqanizmdir. Orqanlardan biri öz funksiyasından kənara çıxanda digərlərini də vurub iflic edir.
Mediaya demokratik ölkələrdə çox zaman boşuna dördüncü hakimiyyət (hakimiyyətin dördüncü qolu) deyilmir. Demokratik rejimlərdə dövlət hakimiyyətinin səlahiyyətləri ona görə hakimiyyət qolları arasında (məhkəmə, icra, qanunverici) bölüşdürülür və məhdudlaşdırılır ki, sadə, gücsüz vətəndaşlar bu hakimiyyət gücü altında əzilməsin, hakimiyyətin qolları bir-birini kontrol etsin, məhdudlaşdırılsın, çərçivələyə bilsin. Medianın da rolu məhz bu zaman önəmlidir ki, hakimiyyət qollarından heç biri ona biçilmiş dondan, çərçivədən kənara çıxmasın. Ölkədə hakimiyyət sadəcə bu qollardan birində toplandıqda media da artıq öz yerində, öz funksiyasında ola bilməz. Çünki hakimiyyəti istisnasız tək əlinə cəmləyən hakimiyyət qolunun nə nəzarətə, nə ictimai kontrola, nə də ona biçilmiş donda, çərçivədə qalmağa marağı olar. Bu müstəsna gücə sahib “tək” qol həm digər qolları formal saxlayaraq özünə tabe edib alət kimi istifadə edir, həm də bu mənzərəni görən, onun çərçivədən çıxıb digər qolların da funksiyasını ələ aldığını görən gözləri (medianı) basıb çıxarır, kor edir, yox edir. Azərbaycanda azad medianın yox edilməsinin səbəbinin əsası budur.
- Müstəqil medianın zəifləməsi cəmiyyət və dövlət institutları üçün hansı riskləri yaradır?
- Müstəqil medianın ortadan qaldırılması yuxarıda da vurğuladığım kimi, medianın təməl funksiyası olan “dördüncü hakimiyyət” rolundan, yəni, ictimai nəzarət rolundan məhrum qalmasıdır. Belə olan halda cəmiyyətin ən təməl haqqı olan gerçəkləri bilmə haqqı yox olur. Cəmiyyət, cəmiyyətin önəmli kərpicləri olan fərdlər onların qərar verməsi üçün zəruri olan informasiya əldə etmək hüquqlarını itirdiklərində, saxta, yalan məlumatlara məruz qaldıqda doğru düşünmə və doğru qərar vermə imkanlarını itirər. Hüquqları olan onun bilincində olub onunla yaşayan “vətəndaş”dan çıxıb “təbəə”yə - bilgisiz kütləyə çevrilir. Bilgisiz, itaətkar “təbəə”lərdən formalaşan kütlələri yönəltmək bəlkə hakimiyyəti əlində tutan üçün asan görünə bilər. Lakin belə toplumların dövlətin müstəqilliyi, təhlükəsizliyi üçün riskləri daha çoxdur. Gerçəklərdən uzaq, propaqanda ilə, dezinformasiya ilə yüklənmiş kütlələri “toplum mühəndisi” olan kənar qüvvələr də rahatlıqla istədiyi yönə, hədəfə istiqamətləndirə bilər. Bu, zaman-zaman dağıdıcı fəlakətlərlə yekunlaşa bilir. 15-16 il öncə bu fəlakətləri yaşayan “ərəb baharı” qurbanları ölkələrin aqibətini hamımız ibrətlə izlədik. Milyonlarla insan öldü, sürgün-köçkün oldu, həyat əvvəlkindən də ağır hala gəldi bu bilgisiz, manipulə edilmiş, kütləyə çevrilmiş xalqlar üçün. Belə nəticə dövlət institutlarının iflic olmasına, ümumiyyətlə dövlət avtoritetinin yox olmasına, ayrı-ayrı silahlı güclərin kontroluna keçməsinə qədər gedib çıxa bilər. Dövlət ərazilərini belə itirsə, mövcudiyyəti risk altına düşə bilər.
- Hazırkı vəziyyət Azərbaycan vətəndaşlarının informasiya hüquqlarına necə təsir edir?
- Vətəndaşların, fərdlərin informasiya əldə etmə hüququ sadəcə media ilə, yəni, ənənəvi media ilə məhdud deyil. 21-ci yüz ilin başlarından etibarən 2.0 veb texnologiyası vasitəsi ilə hər kəs həm qəbuledici, həm də ötürücü rolunda ola bilir. Ənənəvi mediada media ötürücü, fərdlər qəbuledici idi. Özəlliklə sosial şəbəkələrin inkişafı “virtual cəmiyyəti” inkişaf etdirdi. Lakin bu inkişaf heç vaxt peşəkar medianın verdiyi informasiyaları fərdlərə eyni səviyyədə verə - əvəzləyə bilməz. Sosial media özünü ifadə baxımından əvəzsiz bir imkandır. Peşəkar media isə cəmiyyətə zəruri informasiyaları əldə edib, hazırlayıb ötürür. Yəni, medianın təməl funksiyasının bilincindədir, dördüncü hakimiyyətdir, ictimai nəzarətçidir, hakimiyyəti sorğulayandır, qanunları qoruyan “gözətçi köpək”dir (watch dog), korrupsiyanı ortaya çıxaran “köstəbək”dir, siyasətçiləri təftiş edən “müfəttiş”dir.
Son üç ildir internetsiz, sosial şəbəkəsiz, telefonsuz həbs həyatı yaşayıram. Mətbuat, jurnal-qəzet mövcud deyil. Yeganə mənbəyim - informasiyaları əldə etmək mənbəyim TV-lərdir. Yəni, yalnız ölkəmdəki informasiyaları Azərbaycanın lisenziyalı televiziyalarından alıram. Azərbaycan televiziyalarında nə var? Cəmiyyətə, fərdlərə nə ötürür? Çox təəssüf ki, yalnız hakimiyyətin propaqandası, onun “başbilənlərinin” direktivləri ilə ötürülən “ütülü” uğur hekayələri. Nə korrupsiya araşdırmaları var, nə siyasətçilərin sorğulanması, nə bahalıqdan əziyyət çəkən vətəndaşın güzəranı, nə cəmiyyəti təngə gətirən hər gün “artan”, “yaradılan” yeni-yeni cərimələr, nə artan qiymətlər, nə işsizlər, nə rəsmi uniformalıların hər gün şərləyərək həbsxanalara doldurduğu gənclərin, onların ailələrinin dramı, nə öz funksiyasını çoxdan unudub siyasətçilərin və onların arxalandığı hüquq mühafizə orqanlarının “notariusu” olan məhkəmələrin vəziyyəti, nə də hər gün yaşamaq - insan kimi yaşamaq üçün ölkədən “qaçmağa” çalışan insanların axtarışları! Əlbəttə, media yaxşıları da, uğurları da göstərə, işıqlandıra bilər. İctimai əhəmiyyət daşıyan hər informasiya xəbərdir. Lakin medianın peşəkarlığı balans tələb edir, tərəfsizlik tələb edir, obyektivlik tələb edir, qərəzsizlik tələb edir. Bunlar olarsa, gerçək informasiya topluma çata bilər, toplum bilincli toplum olar.
Sadəcə yeni olduğu üçün bir nümunə göstərəcəyəm. Yəqin ki, oxucular “YouTube”da bunu oxuduqdan sonra tapıb izləyə bilərlər. 1 iyul 2026 il saat 11:00-da “Real TV”də İsrailin qəbul etdiyi “erməni soyqırımı” qərarı deputat Hikmət Məmmədovla müzakirə edilirdi. Bütün müzakirə Fələstinin xəyanətindən bəhs edirdi. İzləyən, dinləyən, bilgisi az olan istənilən şəxs elə hesab edər ki, Fələstin “erməni soyqırımı” qərarını qəbul edib, İsrail yox. Bu, peşəkar media işi deyil, bu, peşəkar propaqanda mediası işidir. Cəmiyyəti manipulə edir, yalan, dezinformasiyaları “informasiya” kimi cəmiyyətə sırımağa çalışır, həqiqi informasiyalardan uzaq tutur. Hazırkı medianın vəziyyətində bizim informasiyaya çıxış imkanlarımız cəmiyyət olaraq budur.
- Azərbaycanda media sahəsində hansı islahatlara ehtiyac var?
- Doğrusu, islahat yenilikdir, yeniləmədir. Bu, o zaman mövcud ola bilər ki, hakimiyyət özü yenilənsin, yenilik istəsin. Ənənəvi metodlarından, formatından çıxsın, klassik demokratiyanın prinsiplərinə dönsün. Demokratik idarəetməyə keçid etsin, hakimiyyət bölgüsü prinsipini bərqərar etsin. Bunlar olmadan media dördüncü hakimiyyət roluna - ictimai nəzarət roluna qayıda bilməz. Odur ki, islahat idarəetmədə, onun idarəçilik fəlsəfəsində olmadan media ola bilməz. Tənzimləyici, nəzarət edici qurumların adını dəyişməklə, şura, agentlik, nazirlik, publik hüquqi şəxs və s. adlandırılmaqla islahat olmaz. Hökumət mediadan əl çəkmədən hər hansı islahat ola bilməz. Dövlət media təsisçiliyindən imtina etmədən mediada islahat ola bilməz. Dövlət büdcəsindən hər il mediaya hökumətin pul ayırması ilə, 100 milyon manata qədər vətəndaşın boğazından kəsilib TV-lərin, onlayn resursların, qəzetlərin bəslənməsinə istiqamətləndirməklə media islahatı ola bilməz. Ölkədə sərbəst bazar iqtisadiyyatı olmadan, rəqabət mühiti formalaşmadan, normal reklam bazarı yaranmadan media islahatı ola bilməz. Bu saydıqlarım ortadan qalxıb zəruri olanlar təmin edilərsə, islahatların necə, hansı ardıcıllıqla aparılmasından danışa bilərik.
- Jurnalistlərin və media qurumlarının cinayət təqibi ilə üzləşməsi beynəlxalq öhdəliklər baxımından hansı sualları doğurur?
- Azərbaycanda heç vaxt jurnalistlər və media qurumları bu qədər aşkar şəkildə saxta, qondarma cinayət təqibinə məruz qalmayıb. Hazırda “Toplum TV”nin, “Abzas Media”nın, “Meydan TV”nin bütün jurnalistləri və texniki işçiləri həbsdədir. “Abzas Media”nın dəyərli heyətinin hər bir üzvünə saxta ittihamla 8-9 il həbs cəzası verilib. Yekunlaşmaqda olan və 29 aydır həbsdə saxlanılan “Toplum TV işi” üzrə 9 nəfərə saxta ittihamlarla, heç bir əsası, sübutu olmayan Cinayət Məcəlləsinin altı maddəsi ilə Dövlət ittihamçısı toplam 23 il 6 ay iş oxuyub, “humanistlik” edərək bu cəzaları 128 ilə azaldıb.
Şəxsən mənə altı maddə ilə toplam 28 il 6 ay həbs və əmlakımın həbsini tələb edib, CM-nin 66-cı maddəsi ilə 28 il 6 ayı 15 illə “məhdudlaşdırıb”. “Meydan TV”nin altısı qadın olmaqla 12 nəfərlik redaksiya heyəti də eyni saxta ittihamla il yarımdır həbsdə saxlanılır. “Kanal 13”ün də, “Xural”ın da jurnalistləri ağır cəzalarla üzləşib. “Azadlıq Radiosu”nda, “Turan”da və s. çalışan müstəqil jurnalistlər də təqiblərin qurbanı olub. Hökumətin jurnalistləri, media qurumlarını həbsxanalara atmaqla, həbs cəzalarına məhkum etməklə susduracağını düşünməsi boşuna cəhddir. Azad fikri, azad sözü dəmir barmaqlıqlar arxasına məhkum etmək mümkün deyil. Bu siyasət ciddi beynəlxalq təpki çəkir. 26 iyun 2026-cı il tarixində Avropa Şurası Parlament Assambleyasında qəbul olunan 2663 saylı Qətnamə məhz buna görə “Azərbaycanda tənqidi səslərin susdurulması” adlanır. Həmin Qətnamədə də açıq vurğulanır ki, Azərbaycanda may ayına qədər olan statistikaya əsasə. 328 nəfər siyasi məhbus həbsdədir və onların 36 nəfəri jurnalistlərdir. Azərbaycanın Mətbuat Azadlığı İndeksində yeri 180 ölkə içərisində 171-ci yerdir.
Bütün bu repressiyalar ölkənin beynəlxalq öhdəliklərinə açıq-aşkar ziddir. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını, onun protokollarını ratifikasiya edib. Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını Konvensiyanın 46.1-ci maddəsi ilə qeyd-şərtsiz icra etmək öhdəliyi götürüb. Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsi ilə bu beynəlxalq sənədlər qanundan üstün hüquqi qüvvəyə sahibdir. Buna baxmayaraq, ölkədə beynəlxalq hüquq normaları və Konstitusiya heçə sayılır, açıq və kobud şəkildə pozulur. Belə olan halda əsas sual yaranır: Azərbaycan beynəlxalq ictimayyətin bərabər hüquqlu, hörmətə layiq bir üzvü olaraq qalmaq istəyirmi? Yoxsa hüququn aliliyini qəbul etməyən, hüquqla yox, siyasi çıxarların formalaşdırdığı mülahizələrlə idarə edilən “banan ölkə” olaraq beynəlxalq mühitdən təcrid yolu seçir? Azərbaycanda insan hüquqlarını yox sayan, insan hüquqlarını müdafiə edən vətəndaş nümayəndələrini, jurnalistləri, fərqli fikir sahibi olan siyasətçiləri həbsə atıb çürüdənlər bu suala cavab verməlidir.
- Azərbaycanın media gələcəyini necə görürsünüz?
- Bu sualın cavabı hakimiyyətin mediaya baxışı ilə düz mütanasibdir. Əgər bu gün olduğu kimi medianın üzərində mütləq nəzarət sahiblik qalacaqsa, Azərbaycanda media mövcud ola bilməyəcək.
***
“Toplum TV”nin həmtəsisçisi və media hüququ üzrə ekspert Ələsgər Məmmədli 2024-cü il martın 8-də saxlanılıb.
“Toplum TV işi” çərçivəsində ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev hazırda həbsdə saxlanılır. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə verilib.
İş üzrə təqsirləndirilən şəxslərə əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi - qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ittihamı irəli sürülüb. Sonradan onların ittihamlarının daha ağır maddələrlə əvəzləndiyi bildirilib.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə əlaqəli və siyasi sifariş əsasında həyata keçirildiyini deyirlər.










