Bakı Avropa Liseyindən valideynlərin narahatlığına cavab

Yanvarın 9-da Yasamal rayonunda baş verən faicəvi partlayışdan sonra, hadisə yerinin yaxınlığında yerləşən Bakı Avropa Liseyinin kommunal xətlərində problem yaranıb. Bu barədə valideynlər məlumat veriblər. Valideynlər bildiriblər ki, həmin ərazidə qazın verilişində tez-tez fasilələr yarandığı üçün bu kimi hadisələr baş verir. Parlayışa səbəb kimi qazın verilişində yaranan fasilələri göstərən valideynlər, buna görə də uşaqlarını liseyə göndərmirlər.
Onlar həmçinin qeyd ediblər ki, hadisədən sonra liseyin kommunal xidmətlərinin verilişində fasilələr yaranıb. Vliadeynlərin sözlərinə görə, elektrikin verilişində kəsintilər var. Qaz və suyun verilişi isə dayandırılıb. Bildirilib ki, buna görə də əksər valideynlər uşalarını liseyə göndərməyiblər.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün liseyin direktoru Zülfiyə Veysova ilə əlaqə saxladıq. Direktor bildirdi ki, yayılan məlumatlar təxribat xarakteri daşıyır:
“Hazırda liseydə heç bir problem yoxdur. Bütün kommunal xətlərimiz yerindədir və qaz, su, elektrikin verilişində problem yoxdur. Sadəcə olaraq liseydə 2 saat ərzində işıqlar söndüyü üçün belə bir informasiya yayıblar. Hazırda bütün valideynləri liseyə dəvət edib, onlarla söhbət aparıram. Eləcə də müvafiq qurumlarla da əlaqə saxlayıram. Bütün məsələlər tam nəzarət altındadır. Bəzi valideynlər bu kimi informasiyalar yayaraq bu boyda təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərirlər. İndiyə qədər bizim liseydə hansısa neqativ hadisə olmayıb. Mənim özüm də 25 ildir ki, bura can qoyuram. Bundan sonra da hər hansı bir neqativ hadisənin yaranmasına icazə vermərəm. Hazırda liseyin davamiyyəti 100 faizdir. Bütün şagirdlərimiz dərsə gəliblər. Məndə olan məlumata görə, bu cür informasiyaları liseyin 2 sinfində oxuyan şagirdlərin valideynləri yayıblar. Onlar ilk növbədə mənim yanıma gəlib, məsələ ilə bağlı məlumat ala bilərdilər. Təəssüf ki, belə etməyiblər. Əgər liseyə hansısa bir problem olarsa, o zaman mən özüm şagirdləri evakuasiya edərəm. Vlideynlərə deyərəm ki, təhlükə var və uşaqlarınızı bu gün liseyə gətirməyin. Belə bir hal yoxdur axı. Sadəcə olaraq yaxınlıqdakı evdə qaz sızması nəticəsində partlayış olub. Bu kimi hallara da biz Bakıda tez-tez rast gəlirik. Partlayışın bizim təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Valideynlərdən də xahiş edirəm ki, bu cür məlumatlara inanmasınlar. Kimin sualı, narahatçılığı varsa, gəlib mənimlə söhbət etsin, məndən məlumat alsın. Bu gün də kommunal xidmət qurumları ilə əlaqə saxlayıb, onlardan aldığım məlumatı valideynlərlər bölüşəcəm”.
"Azəriqaz" İstehsalat Birliyi-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, partlayış baş verən ərazinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, yanvarın 9-da Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.