Məktəbin tavanı dərs vaxtı uçdu

Kürdəmir rayonundakı Qarasu kənd məktəbində dəhlizin tavanı uçub. Hadisə dərs vaxtı qeydə alındığından xəsarət alan olmayıb.
Məktəbin direktoru Abduləli Qocayev bildirib ki, məktəbin əsas binası 1967-ci ildə istifadəyə verilib və 51 yaşlı bina uzun illərdir təmir edilmir: “1970-ci ildə çiy kərpicdən ikinci korpus, sonradan daşdan daha bir korpus tikilib. Hazırda bütün korpusların əsaslı təmirə ehtiyacı var”.
Məktəb Təhsil Nazirliyi tərəfindən qəzalı kimi qeydiyyata alınıb. 2015-ci ildə 624 yerlik yeni məktəb binasının tikiləcəyi bildirilib, amma üstündən 3 il keçməsinə baxmayaraq nəinki yeni bina tikilməyib, heç cüzi təmir işləri belə aparılmayıb.
A.Qocayev əlavə edib ki, ötən ilin yayında cəmi 5 sinif otağının döşəməsini təmir etdirə biliblər. 600 şagirdin təhsil aldığı məktəb odunla qızdırılır.
Kənd sakinləri isə sayta deyiblər ki, məktəb soyuq havalarda müəllimlərin pulu ilə alınmış qoyun gərməsi ilə qızdırılır və vəziyyət həqiqətən də acınacaqlıdır.
Şilyan -Qarasu kənd bələdiyyəsindən isə sayta bildiriblər ki, 4500 sakini olan kənd məktəbi yararsızdır, amma buna baxmayaraq sakinlərin alternativ seçim imkanı yoxdur.
FaktXəbər-in məlumatına görə, Təhsil Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, məktəbin daməndan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək.