Müharibələrin ən böyük qurbanları - uşaqlar

Dünyada 300 mindən çox uşaq aktiv hərbi əməliyyatlara qatılır, İŞİD-in təlim düşərgələrində minlərlə uşaq təlim alaraq terrorçu kimi yetişdirilir
Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı bu il 83 uşağı canlı bomba kimi istifadə edib. BBC-nin məlumatına görə, bu barədə BMT Uşaqlara Yardım Fondunun (UNICEF) açıqlamasında qeyd olunub. Bu rəqəm 2016-cı ildəki rəqəmdən dörd dəfədən çoxdur.
Qurbanların 55-i 15 yaşınadək qızlar olub, hətta bir qızın qucağındakı körpəyə də bomba bağlanıb. BMT həmçinin Nigeriyanın şimal-şərqində 2014-cü ildən etibarən 127 uşağın canlı bomba kimi istifadə edildiyini açıqlayıb. Boko Haram təşkilatı bundan əvvəl məktəbli qızları qaçırıb, oğlanları isə hərbi xidmətə məcbur edib.
Ancaq dünyada uşaqları terrorçu kimi istismar edən yalnız Boko Haram deyil. Daha əvvəl də terrorçu uşaqlara rast gəlinsə də, azyaşlılardan terror aktlarında ən çox istifadə edən, hətta uşaqlardan ibarət terror dəstələri yaradan İŞİD oldu.
İlk dəfə 2015-ci ildə Türkiyənin Qaziantep vilayətində terror aktının İŞİD-in göndərdiyi yeniyetmə tərəfindən törədildiyi məlum olduqdan sonra uşaq terrorçular mövzusu tez-tez gündəmə gəlməyə başladı. Daha sonra isə 10 yaşlarında yeniyetmənin 2 nəfəri edam etməsi görüntüləri internetdə yayıldı. Təkcə 2015-ci ildə İŞİD tərəfindən 89 uşağın terror törətdiyi məlum oldu. Bu uşaqların yarıdan çoxu 12-16 yaş arasında idi.
Daha sonra isə ABŞ-ın terrorla mübarizə mərkəzi Ləcədə Suriya insan haqları təşkilatları İŞİD üzvü uşaqların terrora alət edilməsi ilə bağlı araşdırmalar apardı. O zaman məlum oldu ki, İraq və Suriyada İŞİD-in uşaqlara hərbi və terror təlimləri keçən mərkəzləri var. “Xilafətin kiçik aslanları” adlı qrupda təkcə 2015-ci ildə 1500-dən artıq uşağın təlim gördüyü haqda məlumat verilmişdi.
Bugünlərdə BBC xəbər xidməti İŞİD-in uşaq terrorçuları haqqında bir neçə ay davam edən araşdırma yayımlayıb. Araşdırmada İŞİD üzvü olan yeniyetmələrin həyatları, başlarına gələnlər, o cümlədən uşaqlara verilən təlim haqda məlumatlar yer alır. BBC araşdırmasından məlum olur ki, İŞİD uşaqların yetişdirilməsi proqramına 2014-cü ildə Raqqa şəhərini ələ keçirdikdən başladıb. BBC yazır ki, İŞİD “Hitlerin etdiyi kimi uşaq yaşlarından tərəfdar yetişdirmə proqramı” həyata keçirib.
İŞİD-dən qaçaraq hazırda Avropa ölkələrindən birində yaşayan yeniyetmə BBC müxbirinə deyib ki, uşaqlar üçün terror təlimi və ya hərbi təlim minimum 15 gün olurmuş. Amma bəzi uşaqlar üçün daha uzun zaman davam edirmiş. Təlimlər çox sıx şəkildə həyata keçirilib, səhər saat 4-də dua ilə başlayır, daha sonra fiziki təlim, döyüş təlimi və şəriət dərsləri keçilib. Uşaqların hərbi təlim zamanı yanan təkər şinləri, tikanlı məftillərin altı ilə süründükləri, başları üzərindən güllə atıldığı qeyd olunur.
Mutassim adlı yeniyetmə 16 yaşı olmamış İŞİD sıralarına qatılıb. Onun dediyinə görə, uşaq İŞİD-çilərin 70 faizinin ailələri ilə problemləri olub, bir çoxu ailələrindən qaçaraq qruplaşmaya qoşulublar.
Ən maraqlısı odur ki, İŞİD-in təhsil proqramı özü də terror və savaşa hesablanıb. Məlumata görə, terror təşkilatı Suriyanın Raqqa şəhərini ələ keçirdikdən sonra digər sahələrdə olduğu kimi, təhsildə də öz qanunlarını qoyur. İŞİD-in “təhsil nazirliyi” Suriya Təhsil Nazirliyinin orta məktəblərdə tədris etdiyi musiqi, vətəndaşlıq dərsi, tarix, idman və Suriya dövlətinin İslam təhsili dərslərini proqramdan çıxarıb. Bu dərslərin əvəzinə “cihad doktrinası” və “Şəriət” dərsləri keçilməyə başlayıb. Bundan başqa, Suriya Təhsil Nazirliyinin kitablarının təhsildə istifadəsi qadağan edilib. Bunun əvəzinə 2015-2016-cı dərs ilinin başlanğıcında İŞİD-in öz “dərslikləri” çap olunub. İŞİD-in tədris proqramında uşaqlar 5 yaşından orta təhsilə başlamalı, 15 yaşında isə bitirməlidir. Orta təhsildə 12 fənn tədris olunur. Onların arasında “cihad” dərsləri də vardır.
Qeyd edək ki, uşaqların hərbi xidmətə, müharibəyə cəlb olunmasının tarixi çox qədimlərə gedir. Bütün müharibələrdə, ən sonda savaşa azyaşlılar da cəlb olunub. Bu gün dünyanın 87-dən çox ölkəsində 1 milyondan çox uşaq hərbiyə cəlb olunub. Bunlardan 300 min nəfəri 41 ölkədə aktiv şəkildə hərbi əməliyyatlara qatılır. Ötən əsrdə Latın Amerikası, Balkan ölkələrində, Uzaq Şərqdə, Afrikada, Yaxın Şərqdə savaşlarda uşaqları görmək adi haldır. Bunların bir qismini qızlar təşkil edir. Boko Haramın terror olaylarına cəlb etdiyi uşaqların 75 faizini qızlar təşkil edir.
Bundan başqa, Türkiyədə, Suriyada fəaliyyət göstərən PKK, YPG, YPJ (YPG-nin qadın briqadası - K.R.) kimi kürd silahlı dəstələrində uşaqlar kütləvi şəkildə silahlı təlimlərə cəlb olunur. PKK və YPG-nin həyata keçirdiyi bir çox terror aktlarının icraçıları məhz yeniyetmə və uşaqlar olub. Təkcə 2012-ci ildə Türkiyədə 900-dən çox valideyn uşağının PKK tərəfindən “qaçırılması” şikayəti ilə hökumət orqanlarına müraciət edib. Bu uşaqların bir çoxu təbliğat təsiri altında könüllü olaraq dağlara qaçaraq silahlı terror dəstələrinə qoşulub.
Müharibənin olduğu bütün zamanlarda uşaqlar istismar olunub. Hitler Almaniyası, SSRİ, hətta Körfəz müharibəsi zamanı ABŞ belə azyaşlıları hərbi xidmətə cəlb edib. Bunun bir çox səbəbləri olsa da, yeniyetmələrin tez təsir altına düşmələri, təbliğatın onlarda daha tez təsir yaratması, uşaq olmaları və nəhayət, zəiflikləri onları digər sahələrdə olduğu kimi, müharibələrdə də əsas qurbanlara çevirir.