Sərkisyan sabah Putinlə görüşə gedir-Qarabağdan da danışılacaq

Ermənistan prezidenti Serj Sərkisyan avqustun 23-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gedəcək.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın əsas məsələlərindən, siyasi, iqtisadi, humanitar, mədəniyyət sahəsindəki əməkdaşlıqdan və digər məsələlərdən bəhs olunacaq.
Qeyd edək ki, S.Sərkisyanın Rusiyaya sonuncu səfəri bu ilin mart ayında baş tutmuşdu. Erməni tərəf bildirir ki, Putinlə görüşdə Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin tərəflər regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları ətrafında da fikir mübadiləsi aparacaqlar.
Azərbaycan prezidentinin Soçidə rusiyalı həmkarı ilə görüşməsi Ermənistanda uzun-uzadı müzakirələrə səbəb olmuşdu. Bu görüşdə Bakı ilə Moskvanın hansısa anlaşmaya gəlməsi ətrafında erməni tərəf həftələrlə müzakirələr apardı. Məhz bundan sonra Ermənistan NATO və Avropa Birliyi ilə əməkdaşlığı genişləndirmək, hətta konkret addımlar atmağa hazırlaşdığı barədə davamlı açıqlamalar verdi. Bu günlərdə bəyan olunub ki, Avropa Birliyi ilə assosiativ sazişin imzalanması da gündəlikdədir və növbəti addım payızda atıla bilər.
Tamamilə mümkündür ki, Putin Sərkisyanın “qulağını çəkmək üçün” görüşə çağırıb.