Müxalifətin yay planları...

“Son illərin ən qızmar siyasi aylarını yaşayacağıq”
Azərbaycanda seçki ilinin olmaması siyasi səhnədə durğunluğu bir qədər artırıb. Siyasət meydanı sanki boş qalıb. Bir zamanlar müxalifət partiyalarının şərti olaraq yaz, yay, payız, qış planları olurdu. İndi belə planların olub-olmadığını araşdırdıq. Müxalifət partiyalarının durğun yay ayları üçün görəcəyi işlər varmı?
VİP sədri Əli Əliyev bildirdi ki, onun ehtimalına görə, bu yay aylarında durğunluq olmayacaq. Hakimiyyət yay mövsümünün passivliyindən yararlanmağa çalışacaq. Belə ki, referendum zamanı planlaşdırılan işlərin görülməsi zərurəti qalmaqdadır: “Məqsəd hakimiyyət daxilində dəyişikliklərə nail olmaqdır. Bunun üçün yay elə ən münasib mövsümdür. Hesab edirəm ki, başlanmış yerdəyişmə, təyinat və struktur dəyişikliyi prosesləri davam edəcək. Məqsəd prosesi güdülən mənzilə qovuşdurmaqdır. İstisna olunmur ki, məhz durğun olacağı öncəgörülən yayda növbədənkənar prezident seçkiləri də keçirilsin. Bunun ehtimalını yüksək qiymətləndirirəm. Belə plan işə salınsa, son illərin ən qızmar siyasi aylarını yaşayacağıq. Çünki həm daxili, həm də xarici maneə mexanizmləri işə salınacaq. Əlbəttə ki, bu, siyasi proqnozdur. Seçki olmasa belə, siyasi qaynarlıq üçün digər faktorlar yetərlidir. Ümumən, yayın hərarətinin yüksək olacağını ehtimal edirəm. Həyata keçirilmiş son həbslər, tətbiq olunan qadağalar nəyə isə hazırlığın əlaməti ola bilər. Belə olarsa, müxalifət də hazırlaşmalı, yarana biləcək istənilən hala adekvat olmağı bacarmalıdır”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, bir zamanlar müxalifət bəzi planlar qururdu, ancaq təəssüf olsun ki, uzun illərin yanlış siyasəti nəticəsində bir çox partiyalar nəinki plan qurur, hətta yaşam savaşı verir: “AĞ Partiya olaraq biz yay aylarında istirahətə çəkilmək niyyətində deyilik. Hər həftə partiyanın İdarə Heyətinin toplantılarını keçiririk və qarşıda duran məsələlərin həlli istiqamətində iş bölgüsü, fikir mübadiləsi, müzakirələr aparılır. Həmçinin hakimiyyətdaxili baş verən prosesləri analiz edirik və buna uyğun addımları müzakirə edirik. Yayda da bu olduğu kimi davam edəcək. Həmçinin ən əsası, yeni yaranmış partiya olaraq təşkilatlanmaya xüsusi yer və önəm ayırırıq. Hər iclasın əsas mövzularından biri də bu olur. Yəqin ki, siyasi cəhətdən passiv olan yay aylarında da əsas istiqamətlərimizdən biri bu olacaq. Çalışacağıq ki, sentyabra daha təşkilatlanmış və güclü şəkildə girək. Ümumən isə inkişaf tempimizdən razıyam. Əminəm ki, insanlar AĞ Partiyanın ideoloji xətti ilə tanış olduqca və hədəf və məqsədlərimiz barədə məlumatlandıqca, bizə tərəf yön dəyişəcəklər”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirdi ki, partiyanın 2017-2018-ci il yol xəritəsi planına uyğun olaraq təşkilatlanma davam etdiriləcək: “Qarşımızda olan 3 yay ayı boyunca və gələn aylarda da rayon təşkilatlarımız konfranslar, regional müşavirələr keçirəcək”.
AMİP katibi Elşən Mustafayev də dedi ki, yay ayları üçün görüləcək işlər var: “Ümumiyyətlə, bütün partiyalar, təşkilatlar, müxtəlif qurumlar normalda illik iş planı ilə fəaliyyət göstərməlidirlər. Kim buna nə şəkildə əməl edir, deyə bilmərəm. Amma bizdə hər il üçün maksimum imkanlar nəzərə alınmaqla iş planı tərtib olunur və il ərzində kiçik korrektələrlə bu plana uyğun fəaliyyət göstərilir. Əgər seçkilər və ya ölkəmiqyaslı böyük siyasi tədbirlər yoxdursa, hər hansı hadisə baş verməyibsə, adətən yay ayları durğun və aktiv olmayan fəaliyyətlə müşahidə olunur. Bu vaxtlar daha çox regionlarda olan təşkilatlarımızla işlər görülür. Bu il AMİP-in yaranmasının 25 illik yubileyidir. Bu vaxt iyul ayına təsadüf etdiyi üçün yay boyunca yubiley tədbirlərimizin olacağı gözlənilir”.
ADP sədrinin müavini Taliyət Əliyev qeyd etdi ki, yay aylarında ölkədə elə bir siyasi kampaniya və ya seçkilər olmadığından müxalifətin, o cümlədən ADP-nin hansısa proqram həyata keçirməsinə ehtiyac yoxdur: “Yay mövsümündə cəmiyyətin əksər sahələrində, o cümlədən siyasi həyatda da həmişə süstlük olub. Bu baxımdan, hansısa istisnalar olmasa, qarşıdakı yay aylarında da ölkənin siyasi həyatı mövsüm üçün xarakterik olacaq”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, yay ayları üçün əsas rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilməsi olacaq: “Bir sıra rayon təşkilatlarımızın konfransları keçirilib, bəziləri hələ qalıb. Xüsusən də Bakı təşkilatları qalıb. Yay aylarında konfransları keçirib başa çatdırmaq nəzərdə tutulub. VHP-nin bu il payızda 25 ili tamam olur. 25 illiklə bağlı tədbirlərimiz olacaq. İlin sonuna kimi partiyanın qurultayının keçirilməsi də nəzərdə tutulur”.