AQTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) diri heyvanların idxalı zamanı ixtisaslaşdırılmış nəqliyyat vasitələrindən istifadə edilməsi ilə bağlı yeni tələbləri müzakirələrə səbəb olub.
İqtisadçı Natiq Cəfərli qaydaların sahibkarların xərclərini və ətin qiymətini artıracağını düşünür. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə tələblərin bahalaşmaya ciddi təsir göstərməyəcəyini, heyvan xəstəliklərinin yayılması riskinin azaldılması baxımından vacib olduğunu deyir.
AQTA-nın məlumatına görə, 2027-ci il yanvarın 1-dən ölkəyə idxal olunan diri heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. Avtomobillər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”ndə nəzərdə tutulan tələblərə cavab verməlidir.
Qərar sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.
İqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında AQTA-nın qərarını həddindən artıq tənzimləmə kimi qiymətləndirib.
“Əl çəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!”, – deyə o yazıb.
Cəfərlinin fikrincə, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin alınması və ya icarəsi sahibkarların idxal xərclərini artıracaq. İqtisadçı hesab edir ki, biznes bu xərcləri məhsulun qiymətinə əlavə edəcək və nəticədə onsuz da bahalaşan ətin qiymətində yeni artım yarana bilər.
Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli isə ətin məhz yeni nəqliyyat tələblərinə görə bahalaşacağı fikri ilə razı deyil.
O, “Abzas Media”ya bildirib ki, qaydalar ölkə daxilində heyvan daşınmasına deyil, yalnız xaricdən idxal olunan diri heyvanlara şamil edilir.
“Bunu normal qəbul etmək lazımdır. Bəzən yolda görürük ki, heyvanlar onların daşınması üçün nəzərdə tutulmayan maşınlarda gətirilir. Mən inanmıram ki, xaricdən gətirilən heyvanların xüsusi maşınlarla daşınması onların qiymətini artıra bilər”, – deyə Məhərrəmli bildirib.
Ekspertin sözlərinə görə, qiymətlərə nəqliyyat vasitələrinin dəyişdirilməsindən daha çox diri heyvan idxalının azalması təsir edə bilər. O, idxalın azalmasını quraqlıq, otlaq sahələrinin daralması və bir sıra ölkələrdə heyvan sayının aşağı düşməsi ilə əlaqələndirib.
“Əlbəttə, idxalın azalması qiymətlərə təsir edəcək. Amma idxal edilən heyvanların xüsusi avtomobillərlə daşınmasının qiymətə zərrə qədər də təsir edəcəyini düşünmürəm. Onsuz da heyvanların daşınmasına xərc çəkilir, sadəcə nəqliyyat vasitəsi dəyişəcək”, – deyə ekspert vurğulayıb.
Məhərrəmli yeni tələblərin heyvan xəstəliklərinin ölkəyə gətirilməsi və yayılması riskinin azaldılması baxımından da vacib olduğunu deyib.
“Ölkəyə xaricdən xəstə heyvanlar da gətirilir. Əvvəllər Azərbaycanda olmayan Bünyəv virusu xaricdən gətirilib. Son vaxtlar da görürük ki, idxal olunan heyvanlar arasında xəstəlik aşkarlanır, sonra ölkə daxilində yayılır. Bunun qarşısı necə alınmalıdır? İlk növbədə sağlam heyvanlar seçilməli və tələblərə uyğun daşınmalıdır”, – deyə o bildirib.
Ekspert bununla yanaşı, AQTA-nı ölkə daxilində yayılan heyvan xəstəlikləri barədə ictimaiyyəti vaxtında məlumatlandırmamaqda tənqid edib.
“Agentliyə iradımız odur ki, ölkə daxilində xəstəliklər yayılır, amma onlar bununla bağlı ictimaiyyəti məlumatlandırmırlar. Keçən ilin avqustunda dabaq xəstəliyi yayılmağa başlayanda biz həyəcan təbili çalır, mediada məlumat verirdik. Onlar isə belə bir xəstəliyin olmadığını deyirdilər”, – deyə Məhərrəmli qeyd edib.
Onun sözlərinə görə, heyvan idxalı ilə məşğul olan şəxslər həm sağlam heyvanların seçilməsinə, həm də daşınmanın beynəlxalq tələblərə uyğun aparılmasına cavabdeh olmalıdırlar. Məhərrəmli bu sahədə idxalın monopolistlərin nəzarətində olduğunu da iddia edib.
“Bu işlə məşğul olan adamlar monopolistlərdir. Xaricdən heyvan gətirəndə diqqətli olsunlar, xəstə heyvan gətirməsinlər və daşınmanı beynəlxalq tələblərə uyğun həyata keçirsinlər”, – deyə o bildirib.
Ekspert yeni qaydaların hər hansı məmurun şəxsi təşəbbüsü deyil, beynəlxalq tələblərdən irəli gəldiyini vurğulayıb.
“Bu, həmin sahəyə məsul məmurun istəyindən asılı deyil, beynəlxalq tələbdir. Tez-gec biz də işimizi bu tələbə uyğun qurmalıyıq”, – deyə Məhərrəmli əlavə edib.
AQTA isə növbəti açıqlamasında bildirib ki, yeni tələblər idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə müəyyən edilib.
Agentliyin məlumatına görə, sahibkarların yeni qaydalara uyğunlaşması üçün 2027-ci il yanvarın 1-dək keçid dövrü nəzərdə tutulub. Bu müddətdə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib.
AQTA bildirib ki, qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyini gücləndirmək, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkəyə keçməsi riskini azaltmaq və heyvan rifahı ilə bağlı beynəlxalq standartların tətbiqini təmin etməkdir.
Agentlik qaydaların dərhal deyil, 2027-ci ildən qüvvəyə minməsini də sahibkarlara uyğunlaşmaq üçün vaxt verilməsi ilə izah edib.










