Oğul Donald Trampın rusiyalı vəkillə görüşündə iştirak edənlər bir-bir üzə çıxır

Mətbuat Ağalarovun daha bir dostunun, Kaveladze adlı iş adamının da oğul Trampın görüşünə gəldiyini ortaya çıxarıb
Donald Trampla eyni adı daşıyan oğlunun 2016-cı ilin iyun ayında rusiyalı vəkil Nataliya Veselenitskaya ilə görüşünün təfərrüatları gündən-günə açılmaqdadır.
Məsələ ilə bağlı araşdırmalarını dərinləşdirən ABŞ jurnalistləri həmin görüşdə iştirak edənlərin dairəsinin daha da geniş olduğunu aşkara çıxarıblar.
Bununla bağlı The New York Times qəzetində Şeron Lafranyer və Adam Qoldmen tərəfindən qələmə alınan yazıda maraqlı məlumatlar verlib.
Məqalə öncə 17 il öncəki tarixə səfər edib. Qeyd olunur ki, həmin tarixdə Konqresin təhqiqatçıları sovet mənşəli bir maliyyəçinin gəlirlərinin leqallaşdırılması ilə bağlı qaranlıq məsələni araşdırırmışlar.
Onlar həmin adamın təkcə Delaver ştatında 2 mindən çox firmanı təsis etdiyini, habelə yüz milyonlarla pulu ötürmək istəyən rusiyalı müştərilər üçün yüzdən çox bank hesabı açdığını aşkar ediblər.
Məhz həmin adamın, daha doğrusu, İrakli Kaveladzenin 2016-cı ilin iyununda baş tutan görüşün 8-ci iştirakçısı olduğu ortaya çıxıb.
İrakli Kaveladze
Kaveladzenin vəkili Skott Balber onun rusiyalı bir ailəni təmsil etdiyini bildirib. Skott Balberin özü təkcə Kaveladzenin deyil, həm də Ağalarovlar ailəsinin də vəkilliyni həyata keçirir.
Kaveladze isə Araz Ağalarovun daşınmaz əmlak biznesini yürüdən Crocus Group-un ABŞ-dakı maliyyə nümayəndəsidir. Kaveladzenin məhz Araz Ağalarovu təmsil edərək, görüşün təşkilini təmin etmək, yeri gəldikdə isə hətta tərcüməçi rolunu oynamaqla mükəlləfləndirildiyi bildirilir.
Məqalədə Araz Ağalarovun vaxtilə daşınmaz əmlak müqavilərində birlikdə çalışdığı Nataliya Veselnitskayaya nəzakət göstərərək məlum görüşü təşkil etdiyi vurğulanıb.
Kaveladzenin özünə gəlincə, onun Gürcüstanda anadan olduğu, 1989-cu ildə Maliyyə Akademiyasını bitirdiyi yazılıb.
Vəkilin sözlərinə görə, iki il sonra ABŞ-a köçən İrakli Kaveladze tezliklə ABŞ vətəndaşlığını da almağa müvəffəq olur.
Onun fəaliyyəti isə 2000-ci ildən ABŞ Hesablama Palatasının maraq dairəsinə düşüb. Təhiqatçıların araşdırmasına əsaəsn yalnız CİTİ bankda o, rusiyalı müştəriləri üçün 136 müxtəlif hesab açıb. Həmin hesablar vasitəsilə Kaveladze 536 milyon dolları ABŞ-a ötürməyə nail olub.
Vəkil Skott Balber isə Kaveladzenin fəaliyyətini ABŞ qanunlarına müvafiq həyata keçirildiyini bildirir.
Rusiyanı ABŞ-dakı siyasi proseslərə müdaxiləsini araşdıran xüsusi prokuror Rober Müllerin müstəntiqləri artıq Kaveladze ilə görüşərək ondan ifadə alıblar.
Vəkil Balber müştərisinin ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.