Müxalifətin yay tətili planı

Qarşıdan qızmar yay günləri gəlir.
Bu baxımdan bir çox qurum və idarələr məzuniyyətə çıxmağa, yay istirahətini planlaşdırmağa başlayıb. Bir neçə il öncə siyasi partiyalar adətən yay aylarında da aktivlik nümayiş etdirir, tədbir və ya qurultaylar təşkil edir, mövsümi planlarını həyata keçirirdi.
Bəs bu il müxalifət partiyalarının yay planı necə olacaq?
AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, partiya bu il yay tətilinə çıxmayacaq:
“Çünki, yeni yaranan və formalaşan bir partiya kimi digərlərindən fərqli olaraq bizim görüləsi çox işlərimiz var. Odur ki, biz öz işimizi yayda belə davam edəcək və əvvəlki kimi həftəlik İdarə Heyətinin iclasları, görüşlər və s. keçirəcəyik. Həm bu gün Azərbaycanı iqtisadi-siyasi vəziyyəti elə hala salınıb ki, normal şəkilsə istirahətə çıxmaq imkanları da xeyli məhduddur. Odur ki, istəsək belə normal tətilə çıxa bilmərik. Xalqımıza bu yay günlərində yaxşı istirahətlər arzulayırıq, təbii ki, imkanları daxilində”.
Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev təmsil etdiyi partiya funksanerlərinin təmtəraqlı yay tətili keçirmədiyini bildirdi: “Adətən, hər kəs özünə yaxın və münasib regionlara bir neçə günlük ailəvi səfərlər etməklə şəhərin qızmar günəşindən yayınmağa çalışırlar. Kollektiv olaraq isə hansısa yaxın rayonlardan birinə bir günlük səyahət edirik. Yəqin ki, bu il də belə olacaq”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatını rəhbəri Samir Əsədli isə bildirdi ki, partiyanın gəncləri üçün kamp təşkil olunacaq: “Partiyamızın Mərkəzi İcra Aparatının əməkdaşları ştatda olan işçi sayıldığından əmək haqqı alırlar. Bunun üçün də rəsmi məzuniyyət qaydasına uyğun olaraq həmin işçilərə məzuniyyət verilir. Bundan əlavə partiyanın siyasi şurasının üzvləri, müavinləri var, hansı ki, onlar əmək haqqı almırlar. Buna baxmayaraq yay boyunca siyasi şuranın üzvlərinə bir aylıq məzuniyyət verilir. Bu da adətən avqust ayına təsadüf edir. Müavinlər isə özləri istirahət götürülər. Partiyamızın gəncləri üçün isə yay kampı nəzərdə tutulub. Kamp Bakı kəndlərinin birində baş tutmalıdır və bu haqda müzakirələr gedir”.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə qeyd etdi ki, Ramazan ayı yaşandığından partiya üzvləri demək ola ki, istirahət edir: “Doğrudur, hazırda partiyanın bütün üzvləri partiyadadır. Lakin rəsmi olaraq toplantı keçirmirik. Yay üçün xüsusi bir istirahət planımız yoxdur. Bizim partiyamız gəlirlərlə sıx bağlı olduğundan harasa getməyi, uzun yay istirahəti keçirməyi düşünmürük. Şəxsən kimsə harada, necə istəsə istirahət edə bilər. Konkret olaraq mənim şəxsən istirahət planım yoxdur. Adəti üzrə həmişə partiyada olaraq bəzi məsələlər ilə məşğul oluram. Bildiyim qədər partiya rəhbərliyindən heç kimin xüsusi olaraq yay istirahəti ilə bağlı planı yoxdur. Avqust ayından başlayaraq partiyanın keçirəcəyi qurultay ilə bağlı konfranslar keçiriləcək. Bu gündən həmin tədbirləri planlaşdırırq. Yəni yayın ikinci yarısından başlayaraq qurultay üçün tədbirlərimizə start verməyi düşünürük”.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə qeyd etdi ki, həmişəki kimi adi qaydada partiyanın özünün siyasi fəaliyyəti davam edəcək, iş ahəngini pozmayacaq: “Çünki hələ ki, tədbirlərimiz var. 24 iyun, mərhum prezident Əbülfəz Elçibəyin doğum günü qeyd olunacaq, Fəxri Xiyabana ziyarətə gedəcəyik. Həmçinin 26 iyul KXCP-nin yarandığı günü qeyd edəcəyik və digər tədbirlərimiz var. Hər halda ən isti gündə digər insanlar kimi biz də bir həftəlik, qısa müddətlik də olsa tətil edəcəyik. Hələlik belə bir planımız yoxdur, təşkilatımız həmişəki iş ahəngini qoruyub saxlayır”.