Əli İnsanovun məhkəməsi başlayır

Həbsdəki keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib. Bunu Azadlıq Radiosuna keçmiş nazirin vəkillərindən Toğrul Babayev bildirib.
Vəkil cinayət işinin materialları ilə tanışlığın artıq başa çatdığını bildirib. Onun sözlərinə görə, işə Qaradağ rayon Məhkəməsi baxacaq. Ancaq cinayət işi, hələlik, məhkəmə icraatına verilməyib. Məhkəmənin vaxtı yaxın günlərdə bilinəcək.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.
2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə az bir vaxt qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.
Söhbət Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələrindən gedir. İttihamlar təsdiqlənərsə onu daha 3 ildən 7 ilə qədər həbs gözləyir.