Vəkil: “Mehman Hüseynova bəraət istəmişik”

Bu gün, martın 6-da bloqqer Mehman Hüseynovun həbsindən apellyasiya şikayəti verilib.
Bunu AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov bildirib: «Apellyasiya şikayəti bütün təfərrüatları ehtiva etməklə 23 səhifədən ibarətdir. Məsələ ətraflı təsvir edilmiş şəkildə apellyasiya instansiyana təqdim edilir».
E.Sadıqovun deməsinə görə, apellyasiya şikayətində M.Hüseynova bəraət verilməsi istənilir.
Vəkil martın 6-sı M.Hüseynovla görüşdüyünü də bildirir: «Bu gün görüşdük. M.Hüseynov digər vəkillərin müdafiəyə qatılmasına etiraz etmədi. Amma müdafiə ilə bağlı bütün hüquqi sənədləri mənim hazırlamağımı istədi»,-deyə E.Sadıqov qeyd edib.
Vəkillərdən Yalçın İmanov və Fəxrəddin Mehdiyev də Mehman Hüseynovun müdafiəsinə qoşulmaq niyyətindədirlər. Ancaq bir müddət öncə vəkil Elçin Sadıqov buna ehtiyac olmadığını bildirmişdi.