Əli Kərimli Tofiq Yaqubluya müraciət etdi
Əziz Tofiq bəy, şəxsən sənə, ailənə qarşı bu hakimiyyətin etdiyi qanunsuzluqlar, qəddar münasibət ölkənin bütün ədalətsevər insanlarının vicdanını sızladır. Növbəti dəfə də Bəxtiyar Hacıyevə dəstək aksiyasından sonra haqsız, əsassız, şərlənərək həbs olunduğunu, Binəqədi Müvəqqəti Saxlanma Məntəqəsində də hüquqlarının pozulduğunu və növbəti aclıq aksiyasına məcbur olduğunu nəinki biz əqidə dostların, bütün ölkə ictimaiyyəti bilir.
Sən aclığa başlayandan minlərlə soydaşımız ən müxtəlif üsullarla sənə, apardığın mübarizəyə dəstəyini ifadə edir. Həyat yoldaşın Maya xanım da səninlə birlikdə aclıq aksiyası keçirir. 20 nəfərə qədər əqidədaşımız sənin aksiyana dəstək üçün AXCP-nin təşəbbüsü ilə başlanmış kütləvi aclıq aksiyasını 9 gündür ki, davam etdirir. Hazırda siyasi məhbus olan Bəxtiyar Hacıyev də təcridxanada aclıq aksiyasını davam etdirir.
Aclıq aksiyası keçirən əqidədaşlarımız sənin irəli sürdüyün tələblərlə, sən başda olmaqla bütün siyasi məhbusların azadlığı tələbilə, Binəqədi Müvəqqəti Saxlanma Məntəqəsində saxlanılan şəxslərə insani münasibətin bərpası tələbilə aclıq edirlər.
Sənin başlatdığın, əqidədaşlarımızın da qoşulduğu kütləvi aclıq aksiyası bu günə qədər ölkədəki mövcud şərtlər daxilində mümkün nəticələri artıq əldə edib. Hazırda xalqımız hamılıqla siyasi məhbuslara azadlıq tələb edir. 2 həftədir ki, sən və Bəxtiyar Hacıyev başda olmaqla siyasi məhbusların azadlığı tələbi ölkə gündəminin əsas mövzusudur. Beynəlxalq birlik də şəxsən sənin və Bəxtiyar Hacıyevin dərhal azad olunmağınızı tələb edib. Beynəlxalq birlik həmçinin digər siyasi məhbusların azadlığa çıxması üçün də səylərini artıracağını bildirməkdədir.
Hakimiyyətin belə aksiyalara münasibətini isə sən də, biz də yaxşı bilirik. Ancaq o da şübhəsizdir ki, bu uzunmüddətli etiraz aksiyası rejimin anti-demokratik mahiyyətini daha da ifşa edib.
Tofiq bəy, mən bilirəm ki, səhhətindəki problemlər nə qədər kəskin olsa da, qarşıdakı 4-5 gün ərzində də iradə gücünə aclıq aksiyasını davam etdirə bilərsən. Burada aclıq edən əqidədaşlarımızda da mən bu iradəni görürəm. Ancaq sənin, Maya xanımın, aclıq edən digər dostlarımızın səhhətinin pisləşdiyini də görürəm.
Xüsusilə də sənin səhhətində ciddi problemlər yaranacağından narahatam. Mən bilirəm ki, hələ həbsindən əvvəl sənin səhhətin çox pis idi. Ard-arda 2 cərrahi əməliyyat keçirmişdin. Həbsdən sonra da rəsmi aclıq aksiyası başlayana qədər 12 gün ərzində yarımac qaldığını, peçenye ilə qidalandığını bilirəm. Ona görə də inzibati həbsin başa çatmasını gözləmədən aclığı elə bu gün dayandırmağını xahiş edirəm.
P. S. Ümid edirəm ki, Tofiq bəyin hörmətli vəkilləri ilk fürsətdə mənim müraciətimi Tofiq bəyə çatdıracaq.