İlham Əliyev Tofiq Yaqubluya təcridxanada işgəncə verir
Nigar Həzi
Indicə anam Maya Yaqublu atam Tofiq Yaqublu ilə təcridxanada görüşüblər. Bu dəfə görüş şüşə arxası deyil, üzbəüz olub. Anam bildirir ki, atamın vəziyyəti çox pisdir. Bənizi təmamən solub, göz bəbəkləri saralıb, üz dərisinin rəngi isə qaralıb. Ayaq üstə güclə durur, səntirləyə-səntirləyə yeriyir, başı gicəllənir. Görüşdə Atam anama deyib ki, bu gün o, 6 gündür acdır.
Tofiq Yaqubluya kamerada zülm edirlər. 6 nəfərlik kamerada 5 narkomanla saxlandığı yetmirmiş kimi kameraya daha bir narkoman dustaq gətiriblər. Onsuz da əsəbləri pozulan Tofiq Yaqublu aclığının gətirdiyi əsəblə yanaşı bir də kamerada 6 nəfər narkomanla birlikdə psixoloji gərginlik yaşayır. Üstəliklə, bu cür narkoloji xəstələr gigiyenaya əməl etmirlər və bu aclıq edərək fizioloji baxımdan xeyli zəifləmiş Tofiq Yaqublunun səhhəti üçün ciddi riskdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Vilayət Eyvazov, sizlər Tofiq Yaqublunun qanuni tələblərini yerinə yetirmədikcə, Tofiq Yaqublu aclığı dayandırmayacaq. Ümid edirəm ki, məsuliyyətinizin fərqindəsiniz. Bu qədər cılız qisasçılıq siz qarışıq heç kimə xeyir gətirməyəcək.
Tofiq Yaqublunun başına gətirilən hər şeyə görə İlham Əliyev məsuliyyət daşıyır.