Senzura dövründə rusiyalıların ‘gözünü açmağa çalışan’ jurnalistlər
Rusiya prezidenti Vladimir Putinin de fakto müharibə dövrü senzurası tətbiq etdiyi zamanda rusiyalı müstəqil jurnalistlər çarəsiz duruma düşüblər.
“Gündə 12 saat işləməyinə baxmayaraq, müharibəni dayandırmaq üçün heç bir şey edə bilmədiyini, yaxud heç nəyi dəyişə bilmədiyini görəndə bəzən özünü çarəsiz hiss edirsən. Digər tərəfdən, görürəm ki, Perm regionunda on minlərlə insan müharibəyə qarşıdır. Əgər işimizi dayandırsaq, onlar tək qalacaq, senzurasız informasiya ala bilməyəcəklər”, – “Perm 36.6” “Telegram” kanalının baş redaktoru Anna Jukova deyir.
Putin hökuməti illərlə fərqli düşüncəni boğmaqla məşğul olub. Ukraynaya hücumdan öncəki aylar ərzində bu təzyiqlər daha da intensivləşmişdi. Hücumun başlanmasından bəri qəbul edilən yeni qanun “Rusiya Federasiyası silahlı qüvvələrini diskreditasiya edən” informasiyanın yayılmasını kriminallaşdırıb.
Artıq bu qanun əsasında 300-dən artıq cinayət işi açılıb və qısamüddətli həbslər və cərimələr şəklində 5 mindən artıq inzibati cəza verilib. Bu məlumatı Rusiyada repressiyaları monitorinq edən “OVD-Info” təşkilatı yayıb. Təşkilat Rusiyada hökumətin Ukraynaya hücumun başlanmasından bəri azı 19 min 443 nəfəri müharibəyə qarşı ifadələrə görə həbs etdiyini bildirir.