“Bəxtiyar Hacıyevə azadlıq” tələbilə aksiya keçirilib
Yeni saxlananlar var
Dekabrın 23-ü ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması tələbi ilə bağlı müraciətə baxılarkən Bakı Apellyasiya Məhkəməsi önündə daha bir neçə fəalı mülki geyimli şəxslər saxlayıb. Saxlananların “D18-Demokratiya 1918 Hərəkatı” üzvləri Afiəddin Məmmədov və Samir Soltanov olduğu bildirilir.
+++
Bu gün, dekabrın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün saxlandığı, bəzilərinin evlərinə isə polis əməkdaşların gəldiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat veriblər. Qeyd edilib ki, hazırda saxlananların sayını dəqiqləşdirməyə çalışırlar.
Amma bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan öncə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təmsilçiləri hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirəcəkilərini açıqlamışdılar. Amma Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatından təşkilatçılara müsbət cavab verilməyib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə demişdi ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Üstəlik, B.Hacıyevin ev dustaqlığı ilə bağlı bu gün, dekabrın 23-nə Bakı Apellyasiya Məhkəməsinə təyin edilən prosesi işıqlandırmaq üçün gələn reportyor Emil Maniyevin də məhkəmənin qarşısında saxlanıldığı deyilir.