Ermənistan Azərbaycanın “Halqa” əməliyyatı keçirəcəyi xəbərləri ilə çalxalanır

Azərbaycan Baş Prokurorluğunun özünü qondarma qurumun başçısı kimi təqdim edən Araik Arutunyanla bağlı açıqlamaları təkcə Qarabağ erməniləri arasında yox, həm də Ermənistanda böyük ajiotaj yaradıb. Bu haqda danışmazdan öncə qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun sözlərinə əsasən, Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq: “Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”.
Nemət Əvəzov bildirib ki, Vətən müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin “prezident”i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb. O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib: “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”. Məsələ ilə bağlı açıqlama verən Ermənistan parlamentinin müxalif “Hayastan” blokundan olan deputat Andranik Tevonyon bildirib ki, Azərbaycan bu açıqlaması ilə “bizim ərazimizdə” antiterror əməliyyatı aparmaq hüququnu özündə saxladığını göstərdi: “Siz mənim Araik Arutunyana münasibətimi bilirsiniz. O, yumşaq desək, ikrah doğurur. Əgər indiyədək o özünü güllələməyibsə, demək, özünə hörmət hissi yoxdur. Onun yerində olan istənilən normal adam tapançanı götürər və özünü güllələyərdi. Yaxşı, ən pis halda istefa verməli idi. Buna baxmayaraq, o bizim cinayətkardır, onunla biz məşğul olmalıyıq, Azərbaycan deyil”. Ermənistanın “Joxovurd” nəşri də həyəcan təbili çalır. Bu xüsusda nəşr qeyd edir: “Azərbaycan hüquq-mühafizə orqanları mümkün qədər tez qondarma qurumun “rəhbər”i Araik Arutunyanı həbs etmək niyyətindədir. Azərbaycan mənbələrinin məlumatına görə, Bakı onu Gəncəyə raket hücumunda ittiham edir. Qeyd edək ki, ermənilər arasından Araik Arutunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil. Belə insanların sayı 300-ü ötür və bu məsələni Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan mütəmadi olaraq qaldırıb.
“Joxovurd” nəşri şərh almaq üçün Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyana müraciət edib. Abrahamyan açıqlamasında qeyd edib: “Müharibəyə aid olan iş üzrə tərəfimizdən müvafiq açıqalama dərc edilib. Daha çoxunu deyə bilmərəm. Onlar tərəfindən beynəlxalq axtarışlara gəlincə, bəli, effektiv şəkildə hər şey edilir ki, bunlar gedişat almasın”. Məsələyə münasibət bildirən erməni ekspert Alen Qulyan Azərbaycanın hansısa əməliyyatla Araik Arutunyanı istintaqa cəlb etməsini mümkün sayır: “Dəfələrlə səsləndirilib ki, rəqibin Laçın rayonu ərazisində keçirdiyi hərbi təlimlər konkret məqsədlər güdür”. Onun sözlərinə görə, sentyabrın əvvəllərində Azərbaycanın nəzarətində olan Laçın ərazisində Türkiyə-Azərbaycan birgə taktiki təlimləri keçirilib: “Azərbaycan Müdafiə Nazirliyi relizlə diqqəti hərbi qulluqçuların mürəkkəb şəraitdə müasir hərbi texnikadan istifadə etmək vərdişlərinin artırılmasına da yönəldib. Yəni ehtimal etmək olar ki, Laçın dəhlizi çoxdan xüsusi əməliyyatların keçirilməsinin döyüş meydanı kimi seçilib. Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda təkcə Araik Arutunyan deyil, cinayət törətmiş bütün şəxslər həbs olunacaq. “Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib”. Erməni ekspert dairələri və mediası diqqəti ona yönəldir ki, Azərbaycan Baş Prokurorluğu Araik Arutunyanın tezliklə həbs ediləcəyindən tamamilə əmindir. Qeyd edilir ki, bu hansısa formada əməliyyat və kəşfiyyat qurumları tərəfindən təmin ediləcək. Bununla da Araik Arutunyanın və digər erməni separatçıların həbs edilmə mexanizmi açıq şəkildə təsvir olunub. Yəni Azərbaycan kəşfiyyatı və antiterror əməliyyatında iştirak edəcək xüsusi qüvvələr rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəyə daxil olacaqlar. Və erməni separatizmini tamamilə bitirəcək həlledici hərbi əməliyyatı reallaşdıracaqlar. Bununla da ermənilərə sərt zərbə vurulacaq. Bu arada onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Araik Arutunyan arasında münasibətlər də gərgindir. Buna səbəb Arutyunyanın “özbaşınalıq” etməsi və Nikol Paşinyanın maraqlarına zidd getməsidir. İndi Nikol Paşinyan da separatçıların başını “əzməkdə” israrlı görünür. Çünki o, Paşinyanın regionda sülh istəyinə də maneədir. Arutunyanın mövcud şəraitdə Paşinyanın növbəti həmlələrinə tab gətirə biləcəyi inandırıcı görünmür. Perspektivdə isə Arutunyanın məğlubiyyəti onun dəmir barmaqlıqlar arxasına gedən yolunun başlanğıcını qoya bilər. Daha doğrusu, Azərbaycanın bu istiqamətdə fəaliyyətinə Ermənistan hakimiyyəti də hansısa ciddi reaksiya verməyəcək. O da sirr deyil ki, 44 günlük müharibədə erməni cəmiyyəti əsas günahkar kimi keçmiş hakimiyyətlərdən daha çox Nikol Paşinyana təzyiq göstərir. Paşinyan isə ermənilərin qarşısına günahkar qismində bir çox namizədləri atmağa çalışır. Bu qurbanlar arasında Araik Arutunyanın da olacağı əvvəldən bəllidir. Bu mənada, separatçıların başının artıq ipdən asılı olduğunu demək olar.