“Hayastan" fondu Qarabağda yol və binaların tikintisi üçün kimdən icazə alıb...

"Hayastan" ümumerməni fondu Qarabağda yol və yaşayış massivlərinin tikintisinə başlayıb. Fondun direktor müavini Ararat Xlqatyan və Qarabağdakı separatçı qurumun "şəhərsalma naziri" Aram Sarkisyan tikinti sahələrində olub, işlərin gedişi ilə tanış olublar. O, Əsgəran və Xocalının yeni yaşayış məhəllələrinin tikintisinə, bundan sonra isə Xankəndinin müxtəlif ərazilərinə baş çəkib.
"Hayastan" Fondunun direktor müavini və "şəhərsalma naziri" rayon əhəmiyyətli Ağdərə-Nerkin Oratağ-Canyataq yolunun, Əsgəran rayonunda isə əsas magistraldan Xocalının Daşbulaq kəndinə gedən yolun da tikintisində olublar.Belə bir fondun Azərbaycan ərazilərində qanunsuz işlə məşğul olmasının məsuliyyəti kimin üzərinə düşür və onlar bu cür fəaliyyət üçün kimdən icazə alıblar?Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin fond xaricdəki erməni diasporunun ianələri hesabına fəaliyyət göstərir: “Həmin fond işğal dönəmində də Qarabağa investisiyalar qoyub. Əsasən də yolların çəkilişi və infrastrukturun bərpası istiqamətində daha aktiv olub. Məqsədləri bu olub ki, Qarabağdakı ermənilərin sayını sürətlə artırsınlar. Müharibədən sonra da ermənilərin nəzarətində olan ərazilərdə bu işlərin davamı özbaşınalıqdır.
Qeyd edək ki, adıçəkilən ərazilər Azərbaycan torpaqlarıdır, Azərbaycan dövlətinin icazəsi olmadan orada hər hansı tikintinin aparılması qeyri-qanunidir və bütün beynəlxalq konvensiyalara ziddiyyət təşkil edir.
Ermənilər bu ərazidə məskunlaşmanı genişləndirirlər ki, gələcəkdə Qarabağın statusunu müəyyənləşdirəcək referendum təşkil edə və bu referendumda "səs çoxluğu" qazana bilsinlər. Lakin hazırda Qarabağ ərazisində rəsmən 50 mindən çox iddia edilsə də, cəmi 25 min civarında erməni yaşayır. Bununla yanaşı, vaxtilə ərazidən qovulmuş 30 mindən çox azərbaycanlı məcburi köçkün də hələ öz dədə-baba yurduna qayıtmayıb. O vaxt məcburi köçkün düşmüş 30 min azərbaycanlı əhalinin sayı artaraq 100 mini ötüb. Yəni ermənilərin status əldə etmək niyyətləri xülyadan başqa nəsə deyil. Buna Azərbaycan birdəfəlik nöqtə qoyub. Bu məsələdə ən böyük məsuliyyət isə Rusiya sülhməramləlarının üzərinə düşür. Çünki onlar imkan verməsə, həmin erməni fondu orada əl-qolunu belə aça bilməz”.