Radikal müxalifətin hakimiyyətə qarşı tezisləri tükənibmi - siyasilərin mövqeyi
44 günlük Vətən müharibəsi dövründə AXCP, Müsavat və bu siyasi təşkilatlara daxil olan ayrı-ayrı qruplar hakimiyyəti tənqid etmədilər. Ümummilli məsələdə dövlətə dəstək verdilər.
Lakin 10 noyabrda imzalanan üçlü anlaşmadan sonra bu qüvvələr dirçəldilər və hətta “Qarabağı Rusiyaya peşkəş etdilər” tipində absurd iddialar da səsləndirməyə başladılar.
Ancaq bu kampaniyaları da 15 iyuna kimi davam edə bildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 15 iyun 2021-ci ildə Şuşada imzaladıqları bəyannamədən sonra isə “Qarabağı Rusiyaya satdılar” tezisi aradan qalxdı.
Bundan sonra bu radikal qüvvələr 48 partiyanın Şuşa Bəyannaməsini dəstəkləyən bəyanatındakı “ümummilli lider” ifadəsinin üzərində “siyasət” qurdular. Amma bu tezis də artıq nimdaşlaşıb, gündəmdən çıxıb.
İndi əsas əks təbliğat vasitələri müharibədə iştirak etmiş bəzi şəxslərin narazılığıdır. Bir sözlə, o boyda təşkilatlar 5-10 nəfərin narazılığının ümidinə qalıb.
Faktiki olaraq müxalifət partiyaları hakimiyyətlə mübarizədə “deyingən qarı” modundan kənara çıxa bilmirlər. Ümumi pisləmə, qaralama kampaniyası aparılır. Hökumətin fəaliyyəti fundamental, əsaslı, rəqəmlərə söykənən şəkildə tənqid edilmir. Heç şübhəsiz ki, bunun üçün mütəxəssis lazımdır ki, müxalifətdə belə ciddi mütəxəssis bloku ya yoxdur, ya da çox zəifdir.
Paraleldə AXCP, Müsavat, Milli Şura rəhbərliyi Ermənistanın təcavüzünə, Azərbaycana qarşı apardığı ideoloji-siyasi təxribatlarına və müəyyən qədər də hərbi aqressiyasına qarşı heç bir mövqe ortaya qoymur. Radikal müxalifətin Avropa ölkələrində xeyli üzvləri var, orada təşkilatlanıblar. Bu, hər kəsə məlumdur. Amma bu vaxta kimi heç bir müxalifətçi Ermənistanın Avropa ölkəsində hansısa səfirliyi qarşısında 5-10 nəfərin iştirakı ilə etiraz aksiyası keçirməyib. İyunun 4-də iki azərbaycanlı jurnalist Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həlak oldu. Xaricdə yaşayan müxalifətçi jurnalistlər bununla bağlı heç bir fəallıq göstərmədi.
Radikal və inkarçı müxalifət kimi təsnifləşdirilən siyasi qruplar dedi-qodu, populist çıxışlar istisna olmaqla, hakimiyyətə qarşı ciddi, tutarlı, sistemli bir əks təbliğat kampaniyası qura bilirlərmi?

Ceyhun Məmmədov: “Çıxışları dedi-qodu və populizmdən o tərəfə getmir”
YAP-çı deputat Ceyhun Məmmədov iqtidarın gördüyü işlərlə müxalifətin əlinə arqumentlər vermədiyini qeyd etdi: “Tənqid varsa, konstruktiv, obyektiv olmalıdır. Burada qərəz olmamalıdır. Azərbaycan iqtidarının gördüyü işlər ortalıqdadır. Cənab prezident son iki yüz ildə ilk dəfə Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu gün xalqımız ölkə rəhbərliyini tam dəstəkləyir və bu dəstəyi hər kəs görür. Hazırkı müxalifətin təbliğat qura bilmədiyi göz önündədir. Çünki əllərində kifayət qədər tutarlı faktlar yoxdur. Azərbaycanda hazırda iqtidar-xalq birliyi kifayət qədər yüksəkdir. Hansısa sistemli, əks-təbliğat kampaniyasından söhbət gedə bilməz. Müxalifətin çıxışları dedi-qodu və populizmdən o tərəfə getmir. Ölkədə xalqa yönəlik elə bir iqtidar fəaliyyəti var ki, müxalifətin əlinə arqumentlər verməyə imkan yaratmır”.

Əziz Əlibəyli: “Bu, əslində siyasi mübarizənin böyük məğlubiyyətidir”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bu qüvvələrin arqumentlərinin tamamən tükəndiyini bildirdi: “Bu dairə artıq iqtidar-müxalifət mübarizəsindən kənara çıxır. Diqqətlə fikir versəniz, bunu görərsiniz. Hətta Azərbaycan ətrafında elə bir zəncirvari dalğa formalaşdırıblar ki, dövlətçiliyimiz əleyhinə hansısa addımlar atmaq lazım gələndə İranın radikal şiələri ilə Avropada oturum almış ateist qüvvələr hərəkətə gətirilir. Bu, mübarizə forması olmasa da, təəssüflər olsun ki, yaxın tariximizdə belə halların şahidi olmuşuq. Təəssüf edirəm ki, anti-Azərbaycan cəbhəsində yer almış radikal hesab olunan qruplar uzun illərdir ki, ölkə Prezidenti əleyhinə ortam formalaşdırmağa çalışırlar. Daha öncə onun media ayaqlarını yaratdılar. İnternet kanallarında kifayət qədər aktivləşiblər. Onların ”iqtidar Qarabağı satıb" kimi arqumentləri 27 sentyabrda darmadağın oldu. Şuşanın alındığı günü yaxşı xatırlayırıq ki, cənab Prezidenti təbrik etmələri tamam başqa cür situasiya yaratmışdı. Amma noyabrın 10-dan sonrakı vaxtlarda Rusiya məsələsini ortalığa atdılar. Fikir verin, sülhməramlıların yerləşdirilməsi, Xankəndindəki fəaliyyətləri, yollardakı nəzarəti, erməni terrorçuların təxribatları, ilk günlərdə qazilərlə bağlı sənədləşmədə yaranan müəyyən problemlərin şişirdilməsi, cəmiyyətə fərqli təqdim olunması, dövlətlə onların üz-üzə qoyulması kimi məsələlərin üzərindən geniş fəaliyyət qurdular. Amma Şuşa Bəyannaməsi böyük ölçüdə həmin cəbhənin əllərində olan nə arqumentlər varsa aldı. İki qardaş ölkə arasında Qarabağın taleyini bəlli edən həmin bəyannamə o qüvvələri faktiki arqumentsiz qoydu. Diqqət edin, bu şəxslərin videoblogerlər kimi çıxış etdikləri internet kanallarında videolarına baxışlarda kəskin düşmələr var. Eyni zamanda ritorikaları da dəyişib. Artıq siyasi məsələlər üzərindən deyil, özlərinin yaratdıqları qeybət xarakterli söz-söhbətlərdən nəsə yaratmağa çalışırlar. Bu, əslində siyasi mübarizənin böyük məğlubiyyətidir. Bunu da yaxşı görürlər və radikallıqlarını artırırlar. Amma nə edirlərsə, heç nəyə nail ola bilmirlər. Populizmin özü də onların uğur qazanmalarına ciddi şəkildə mane olan amillərdəndir. Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan siyasi sistemində sırf cənab prezidentə inam indeksində ictimai rəyi öyrəndi. Hər dönəm üçün dövlət başçısının reytinqi 90%-dən yuxarı təşkil edir. Bu, həm də dövlətçiliyimizə verilmiş bir qiymətdir. Bunun da qarşısında heç bir tərəf uğur qazana bilməz. Mediaya ola, münasibətlərini dəyişməli, efirlərə çıxmalıdırlar. Eyni zamanda yaradılan platformalardan tam şəkildə istifadəyə şərait yaradılmalıdır. Bu gün dövlətçiliyə zərbə vurub, xarici kəşfiyyatların nəzarətində olan kanalların tamaşaçılarını, iştirakçılarını əllərindən almaq lazımdır. Onun üçün də telekanallarda bu imkanları yaratmaq lazımdır. Debatların sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Bir sözlə, siyasi aktivliyi artırmaq lazımdır. Siyasi debatları telekanallara daşımaq vacibdir. İnanın ki, bu xaricdə oturub, youtube kanalları açanların baxışlarını sıfıra endirər".

Fuad Əliyev: “Ölkəmiz dialoqla inkişaf edəcək, dedi-qodu, populist çıxışlarla, inkarçılıqla yox”
ALDP rəhbəri Fuad Əliyev müxalifət düşərgəsində sivil mübarizə aparanların olduğuna işarə etdi: “Adları çəkilən təşkilatlar çoxdandır ki, tarixin arxivindədirlər. İllər boyu uğur qazanmayan, Elçibəy kimi nüfuzlu siyasətçinin elektoratını itirən, xalqın müxalifətə inamını qıran elə bu təşkilatlar olub. Hər şeyi inkar etməklə xalqı aldatmaq olmaz. Ağa ağ, qaraya qara demək lazımdır. Sağlam siyasət aparan müxalifət partiyaları bu yoldadır. Xalq kimin kim olduğunu çox yaxşı bilir. Bu hakimiyyətin tapşırığını yerinə yetiriblər, ”müxalifətçi" libasında uzun illərdi “fəaliyyət” göstəriblər. İndi yenə də akademik(lə) inkarçı siyasət yürüdürlər. Müxalifət daxilində sivil mübarizə aparan partiyalar var. Verdiyimiz təkliflər cəmiyyətin bütün sahələrini əhatə edir. Sosial problemlər, işsizlik və bu kimi problemləri görüşlərdə səsləndiririk. Şəxsən mənim Ədalət Vəliyevlə 20-dən çox görüşüm olub. Və bu görüşlərdə vətəndaşların problemlərini qaldırmışam. Çalışmışam ki, onlar həll olunsun. Ölkənin inkişafında iqtidar-müxalifət dialoqunun olması vacibdir. Ölkəmiz dialoqla inkişaf edəcək, dedi-qodu, populist çıxışlarla, inkarçılıqla yox".










