SOCAR və Türkiyənin neft şirkəti yataqların işlənməsində əməkdaşlıq edə bilər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi və bu ölkənin TPAO şirkəti yataqların işlənməsi və hasilatda əməkdaşlıq edə bilər
İÇXƏBƏR Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.
O, Türkiyənin yeni təbii qaz ehtiyatlarını kəşf etməsininin strateji əhəmiyyətini vurğulayıb:
"Nəzəri baxımdan biz yataqların işlənməsi və hasilat sahəsində TPAO ilə işləyə bilərik. Bu, bizim işgüzar maraqlarımız daxilindədir".
V.Əliyev xatırladıb ki, SOCAR 1994-cü ildən müxtəlif layihələr üzrə TPAO ilə əməkdaşlıq edir və bu təcrübə digər ölkələrdə də istifadə oluna bilər.
Qeyd edək ki, iyunun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 135 milyard kubmetr həcmində təbii qaz ehtiyatlarının aşkar olunduğunu açıqlamışdı.