Milli fəal Əlirza Fərşi ilə bağlı BMT-yə məktub göndərildi

“Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti “ana dili məhbusu” Əlirza Fərşi ilə bağlı BMT-yə məktub göndərib.
“Azərbaycanlı mədəni məhbusların vəziyyətinin monitorinqi” başlığı altında BMT-ə ünvanlanan məktubda türk dili fəalı Əlirza Fərşinin durumundan narahatlıq ifadə olunur.
İnsan Haqları Cəmiyyəti bildirir ki, Tehran həbsxanasında saxlanılan Əlirza Fərşinin durumu ilə bağlı məlumatları beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmana göndərib.
Məlumatda Əlirza Fərşinin bütün məhbus hüquqlarının pozulduğu qeyd olunur. Eyni zamanda Güney azərbaycanlı milli-mədəni fəalın sağlıq durumunun narahatlıq ifadə edilir.
Məlumatda qeyd olunur ki, gözündə cərrahi əməliyyat aparılması zəruri olsa da İran məhkəmə sistemi Əlirza Fərşinin məzuniyyət müddətini uzatmayıb.
2 il həbs və 2 il sürgün cəzasına məhkum edilən və Tehranın “Fəşafuyə” həbsxanasında saxlanılan Əlirza Fərşi mayın 8-də 500 milyon tümən girov qarşılığında 3 günlük məzuniyyətə buraxıldı.
Həkimlərin onun gözünün cərrahi əməliyyata ehtiyacı olduğu barədə rəyinə baxmayaraq İran məhkəmə sistemi onun məzuniyyət müddətinin uzadılmasına icazə vermədi.