Lavrovun Bakı səfəri asan keçməyə bilər - sual altında çətin məsələlər var...

Məlum olduğu kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. O, mayın 10-11-də Bakıda olacaq. Ayın 5-6-da Ermənistanda olan Lavrov həmin ölkənin rəhbərliyi ilə görüşüb. Bir çox politoloqların fikrincə, Lavrovun Bakı səfərinin gərgin keçəcəyi gözlənilir. Çünki, əvvəla, səfər Qarabağda həlli mühüm olan məsələlərlə bağlı dönəmə təsadüf edir. İkinci bir tərəfdən isə, Rusiya ilə Azərbaycan arasında hələ də yarımçıq qalan bəzi məqamlar var. Bunlardan birincisi Şuşada qalıqları tapılan “İsgəndər-M” raketi ilə bağlıdır. Rusiya Müdafiə Nazirliyinin “Qarabağda “İsgəndər-M” raketindən istifadə edilməyib” açıqlaması bizi qane etmir. Daha konkret cavab istəyirik. İkincisi isə, üçtərəfli bəyanatın şərtlərinə əməl olunmur, sülhməramlılar funksiyalarından kənar işlə məşğuldurlar.
Lavrovun Bakı səfərinin neçə keçəcəyilə bağlı politoloqlar daha nələri düşünür?
“Lavrov İlham Əliyev kimi sərrast siyasətçinin də suallarına cavab verməyə hazır olmalıdır”
Politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sergey Lavrovun Ermənistana və onun ardınca Azərbaycana səfəri postmüharibə dönəmi üçün böyük aktuallıq kəsb edir: “Əslində bu səfər hər iki ölkə arasında etimad mühitinin formalaşmasını gücləndirməlidir. Belə münaqişələrdən sonra bütün narazılıqların dərhal yoluna qoyulması mümkün deyil. Bunun üçün ciddi əmək lazımdır. Lavrov məhz buna görə bölgəyə səfər edir. Ermənistan Qərbin təzyiqi ilə bəzi məsələlərdə çığallıq etməyə çalışır. Bu da başlıca olaraq Rusiyanın mövqeyinə xələl gətirir. Rusiya bunu kompensasiya etmək istəyir. Lavrovun Ermənistandan sonra dərhal Bakıya gəlməməsi də maraq doğurur. Bəllidir ki, o, Bakıya Moskvadan gələcək. Yəqin ki, Ermənistan səfərinin nəticələrini Lavrov Moskvada Putinlə müzakirə edəcək. Bu baxımdan da postmünaqişə dönəmi üçün yeni təkliflərlə Bakıya gələcəyi gözlənilir”.
Politoloqun sözlərinə görə, Lavrov İlham Əliyev kimi sərrast siyasətçinin də suallarına cavab verməyə hazır olmalıdır: “Çünki Rusiya ilə Azərbaycan arasında suallar qalır. Xüsusilə də “İsgəndər” raketlərilə bağlı məsələ həllini tapmayıb. Mənə elə gəlir ki, Lavrovun İrəvanda verdiyi bəyanatlardan onun mövqeyi tam aydın olur. O deyib ki, Dağlıq Qarabağ münaqişəsini siyasiləşdirmək lazım deyil. Müzakirələrin “Zəngəzur dəhlizi” ilə bağlı aparılacağı da gözləniləndir.
Daha bir müzakirə mövzusu Azərbaycanın əlində olan erməni diversantları ilə bağlı ola bilər. Çünki Rusiya da onların Ermənistana təhvil verilməsində maraqlıdır. Azərbaycanın isə bununla bağlı mövqeyi bəllidir. Azərbaycanı narahat edən ən mühüm məsələlərdən biri də minalanmış ərazilərin xəritəsinin bizə verilməməsidir. Çox güman ki, Lavrov bu yöndə də İrəvanda müzakirələr aparıb və onların nəticəsi barədə İlham Əliyevə məlumat verəcək”.