İsraildə yeni hökuməti formalaşdırmaq Netanyahunun rəqibinə həvalə edilib

Ötən ay Knesset seçkilərindən sonra hökumətin formalaşdırılmasına başlayan Netanyahu missiyanı həyata keçirə bilməyib...
Ötən ay Knesset seçkilərindən sonra hökumətin formalaşdırılmasına başlayan Netanyahu missiyanı həyata keçirə bilməyib. Bundan sonra sözügedən missiya Netanyahunun rəqibi “Yeş Atid” partiyasının liderinə həvalə edilib.
İç xəbər SalamNews-a istinadla xəbər verir ki, yeni hökumətin təşkili üçün Netanyahuya verilən 28 günlük möhlət bitib və məhz bundan sonra prezident Reuven Rivlin yeni hökumətin təşkili məsələsini “Yeş Atid” partiyasının lideri və sabiq maliyyə naziri Yair Lapidə tapşırıb.
Qeyd edək ki, Netanyahu son iki ildə üçüncü dəfədir ki, hökumətin formalaşdırılmasında aciz qalır. Netanyahu bu işdə digər sağ cinah rəhbərlərindən olan Naftali Benneti ittiham edib və onun koalisiya hökumətinə boyun qoymadığını açıqlayıb.
Bildirək ki, İsrail son iki ildə dörd dəfə erkən Knesset seçkilərinin şahidi olub. Məlumata görə bu dəfəki seçkilərdən sonra İsraildə olan ərəb partiyaları və fraksiyalarının iştirakı hökumətin formalaşmasında mühüm rola malik ola bilər.