Bu gəncləri ölkədən qovduranlar qətiyyən anlamır ki... - İlqar Məmmədov

“Xaricə kütləvi köçün indiyə qədər çox da müzakirə olunmayan tərəfi haqqında bir söz demək istəyirəm. Bu günədək köç həddən artıq ümumi təsvir edilib: “Adam özü üçün burada iqtisadi-siyasi fürsətlər görmür deyə ölkədən köçür”. Amma konkretliyə gəldikdə, vəziyyət daha bərbaddır. Xaricə köçmüş bəzi adamlardan eşitdiyim və daha çox gizlədilən səbəb həmin o ümumi səbəbin mexanikasını ortaya qoyur”.
"İç xəbər" xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanda kimsə, xüsusən gənc adam ictimai-siyasi mövzulara dair “qeydiyyatdan keçəndə”, yəni sosial şəbəkədə tənqidi fikirlər bildirdikdə, siyasi partiyaya üzv olduqda, siyasi məhbusların ailəsinə yardım etdikdə və ya hansısa məclislərdə ictimai-siyasi mövzuda fəal danışdıqda tezliklə güc strukturlarından kimsə onu söhbətə dəvət edir:
“Onunla 1-2 dəfə dövlətbaz-dövlətbaz söhbətlər edir. Adam sakitcə qorxmuş, vahimələnmiş hala gətirilir, halbuki söhbət bəzən lap nəzakətli də ola bilər. Vəziyyətdən asılı olaraq adamlara müxtəlif formada əməkdaşlıq təklif olunur.
Doğrudur, bu əməkdaşlıqdan imtina edənə heç nə etmirlər. Amma adam bu ölkədə həyat yaşamaqdan küsür, içərisinə qapanır. Fikirləşir ki, əməkdaşlıqdan imtina etdisə, buradakı ömründə böyük uğur qazana bilməyəcək – nə dövlət işində, nə də özəl sektorda. Nəticədə ölkəni tərk edir. Əksər hallarda heç siyasi mühacir kimi yox, adi qaydada. Heç kimə bu barədə şikayət də etmir.
Bu gəncləri ölkədən qovduranlar qətiyyən anlamır ki, adam sosial şəbəkədə tənqidi fikirlər bildirdikdə, siyasi partiyaya üzv olduqda, siyasi məhbusların ailəsinə yardım etdikdə və ya hansısa məclislərdə ictimai-siyasi mövzuda fəal danışdıqda bunu ölkəsini istədiyi üçün edir. Bəzən düz deyə bilər, bəzən yanlış, amma ölkəsini istədiyi üçün bunu edir. Hə, bütün düşünən beyinləri ölkədən rədd edin, diri milləti öldürün. Kimin başında duracaqsınız?”.