“Məmurlar məsuliyyət hissini unutmamalıdırlar” - Vüqar Rəhimzadə

“Prezident İlham Əliyevin Abşeron rayonunda bir sıra obyektlərin, həmçinin Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı bir daha təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə, həmçinin postmüharibə dövründə görüləcək işlərə bir daha diqqəti yönəldərək bu əsas hədəfi açıqlayıb ki, dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik”.
"İç xəbər" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlərin planlı xarakter daşıdığını diqqətə çatdıran baş redaktor vurğulayıb ki, istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə reallaşdırılan tədbirlər Azərbaycan təcrübəsinin təqdir olunmasını şərtləndirir. Onun sözlərinə görə, ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib təşəbbüslər irəli sürüb, eyni zamanda, iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bilib.
V.Rəhimzadə diqqəti dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada görüləcək işlərlə bağlı fikirlərinə də yönəldib. Qeyd edib ki, Prezident İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayanması bu hədəfimizin də yaxın zamanlarda gerçəkləşəcəyinə əminlik yaradır: “Qarabağımız, onun tacı olan Şuşamız qısa zamanda cənnət məkana çevriləcək. Möhtərəm Prezidentimiz bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlar Azərbaycanın dünyaya təqdimatında bir daha öz sözünü deyəcək. Baxmayaraq ki, ermənilər illərdir Şuşanın onlara məxsus olduğunu iddia edirdilər. Tarixi, dini abidələri dağıtmaqla, yerlə-yeksan etməklə bu torpaqların əsl sahibini inkar etmək qeyri-mümkündür. Tariximizi özündə əks etdirən bu abidələrimizin bərpası üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirildi”.
Baş redaktor deyib ki, qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Onun fikrincə, bu, dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir:
“Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub. Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında bu ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Artıq Qarabağın ürəyi olan Şuşada bu institut yaradılıb. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama diqqət çəkərək müvəqqəti idarəetmə strukturunun yaradılmasının səbəbini açıqlayıb: “Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq”. Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.