Nüvə silahının qadağanı müqaviləsi qüvvəyə mindi, amma...

Nüvə silahlarını qadağan edən beynəlxalq müqavilə yanvarın 22-də qüvvəyə minib.
Lakin bu sənədin reallıqda nəyə nail olacağı sualı açıq qalır, beləki nüvə silahı olan ölkələr bu müqavilədən kənarda qalırlar.
BMT-nin baş katibi Antonio Quterres deyib ki, “Nüvə Silahlarının Qadağanı Müqaviləsi (The Treaty on the Prohibition of Nuclear Weapons - TPNW) nüvə silahları olmayan dünyaya doğru mühüm addım və nüvə tərksilahına çoxtərəfli yanaşmanın güclü nümayişidir”.
Quterres 20 ildən çox müddətdə ilk dəfə irəli sürülən çoxtərəfli nüvə tərksilahı müqaviləsini alqışlayıb və bu ambisiyalı məqsədə doğru birgə hərəkətə çağırıb.
Atom silahlarının inkişaf etdirilməsini, istehsalını, sınaqdan çıxarılmasını, saxlanmasını və ondan istifadəni qadağan edən müqavilə ötən oktyabrda özünün 50-ci ratifikasiyasının ardınca verilmiş 90 günlük müddətdən sonra beynəlxalq qanuna çevrilib.
Bu sənəd BMT Baş Assambleyasının 2017-ci ildə keçirilmiş iclasında dünyanın üçdə ikisini təşkil edən 122 dövlət tərəfindən qəbul olunmuşdu.
Amma bu ölkələrin yalnız təxminən yarısı bu müqaviləni milli qanunvericiliklərinin bir hissəsinə çevirib.