Dekabrın 10-da Azadlıq meydanında hərbi parad nümayiş olunacaq.

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Məlumdur ki, bu cür parada hazırlıq həm də Azərbaycanın yenilməz hərbi gücünün nümayişi olacaq. Bəs bunun başqa hansı təbliğati əhəmiyyətləri olacaq?
Hərbi-siyasi ekspert Ramil Məmmədli "İç xəbər" açıqlamasında bildirdi ki, hərbi gücün nümayişi iki halda olur: “Bilirik ki, bunu ya müharibədə edirlər, ya da hərbi paradda. Azərbaycan ordusu hərbi meydanda qısa müddət ərzində öz gücünü nəinki Ermənistana, eləcə də bütün region və dünyaya nümayiş etdirdi. Aparılan müasir döyüş taktikası və strategiyası əsasında biz qısa müddətdə torpaqlarımızı işğaldan azad etdik. Həmin ərazilərdə Azərbaycan qanunlarının bərqərar olmasına nail olduq. Nəticədə Ermənistan təslimçilik bəyanatına imza atdı. Bütün bunların məntiqi davamı isə hərbi paradın keçirilməsidir. Azərbaycan ordusu bu hərbi paradda həm hərbi potensialını nümayiş etdirəcək, həm də beynəlxalq aləmə öz mesajlarını vermiş olacaq. Biz bununla bildirəcəyik ki, ölkəmizə qarşı edilən istənilən təhdid və hücumlar mənasızdır. Çünki bizim təhlükəsizliyimizin qarantı olan ordumuz var. Belə fikirlərə düşənlər bilməlidirlər ki, qarşılarında Azərbaycan ordusunu görəcəklər. Təbliğatı baxımdan da bunun böyük əhəmiyyəti olacaq. Bu, eyni zamanda, Ermənistana olan psixoloji zərbədir. Bunu etmək mütləq lazımdır ki, onlar qəflət yuxusundan ayılsınlar. Çünki fikir veririk ki, onlarda bəzi siyasilər yenidən müharibə çağırışları edir. Bəziləri hesab edir ki, yenidən müharibəyə başqlamaq lazımdır. Bu parad onların yaddaşında Azərbaycan ordusu ilə bağlı olan xatirələrini canlandıracaq”.
Ekspert deyir ki, uzun illərdir ki, biz bu günü gözləyirdik: “Azadlıq meydanında müxtəlif dövrlərdə paradlar keçiriləndə biz məhz hər zaman qələbə paradının keçirilməsi arzularını dilə gətirmişik. Bu dəfə Azərbaycan ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak edəcək. Bunun əhəmiyyəti həddindən artıq çoxdur. Parad Azərbaycan tarixinə ilk möhtəşəm parad olaraq yazılacaq. Paradda xarici ölkələrin nümayəndələri, o cümlədən qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə böyük nümayəndə heyəti iştirak edəcək. Bu, eyni zamanda, dünyaya Azərbaycanın dostlarının kimlər olduğunu aydın nümayiş etdirəcək. Olduqca qürurverici və əhəmiyyətli tədbirdir”.
Hərbi ekspertin sözlərinə görə, bütün Azərbaycan və dünyadakı soydaşlarımız səbrsizliklə həmin paradı gözləyir.