Ermənistanın 44 günlük müharibədə tank itkilərinə dünya tarixindən maraqlı müqayisələr gətirilir

Məlum olduğu kimi, Azərbaycan Qarabağda 44 günlük müharibənin gedişində məhv edilmiş düşmən texnikasının siyahısını açıqlayıb. Sözügedən texnikanın ümumi dəyəri bəzi hesablamalara görə, 4.8 milyard dollardır. Ən aşağı qiymətlərlə hesablayanda isə Ermənistan ordusunun məhv edilən texnikasının dəyəri 3 milyard dollardan aşağı deyil.
Rusiya mətbuatının apardığı müqayisələrə görə, 2020-ci ilin Qarabağ müharibəsində erməni tank itkiləri sovet ordusunun 1943-cü ildə məhşur Proxorovka döyüşündə və Suriyanın 1973-cü ildə Colan yüksəklikləri uğrunda gedən döyüşlərdəki tank itkilərinə bərabər tutulur. “Nezavisimaya qazeta” yazır ki, Azərbaycanın açıqladığı həmin siyahı Rusiya silahlarının ixracı imkanlarını kardinal şəkildə dəyişəcək: “Azərbaycanın məlumatına görə, təkcə tanklar üzrə ermənilərin ümumi itkiləri 350 ədəddən çoxdur. Təxminən bu qədər tankı sovet qoşunları Proxorovka ətrafında gedən döyüşlərdə itirmişdi və ya Suriya qoşunlarının 1973-cü ildə Colan təpələri uğrunda İsraillə müharibə zamanı tank itkiləri bundan az idi. Rusiya zirehli texnikasının, demək olar ki, hamısı uzaq məsafədən vurulub. İndi Rusiya silah ixracatçıları izah etməlidirlər ki, nəyə görə cəmi ay yarım ərzində dəyəri 3 milyard dollardan çox olan texnika məhv edilib. Hansı ki, müasir müharibədə bu texnika, faktiki olaraq, müdafiəsiz qalıb”.
Göründüyü kimi, 44 günlük müharibədə əldə etdiyimiz qələbənin hərbi tərəfləri dünyanın ciddi marağına səbəb olub. Bir sıra ölkələr Azərbaycanın döyüş taktikasını öyrənirlər. İndi də məlum olur ki, sözügedən döyüşdə məhv edilən tankların sayı bir sıra məşhur döyüşlərdə məhv edilən tanklardan daha çoxdur. Bu isə Azərbaycanın əldə etdiyi hərbi uğurun necə möhtəşəm olmasından xəbər verir.
- “...onların hərəkət trayektoriyası nəzarət altına götürüldü”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bütün bunlar ordumuz tərəfindən aparılan hərbi əməliyyatların necə mükəmməl olmasından xəbər verir: “Məsələ ondadır ki, Azərbaycan Vətən müharibəsinə kompleks şəkildə hazırlaşdı. Həm strateji, həm də taktiki baxımdan vəziyyət kökündən analiz edildi. Ən əsası, döyüş əməliyyatları başlayandan sonra müəyyən məsələlər ortaya çıxır. Yəni proseslərin gedişində müəyyən problemlər yaranır. Bu zaman bəzi dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Azərbaycanın bu müharibədəki ən böyük uğurlarından biri odur ki, döyüş əməliyyatları başlayandan sonra qabaqcadan müəyyənləşdirilməyən, görülməsi qabaqcadan mümkün olmayan problemləri operativ və çevik şəkildə aradan qaldırdı. Bu cür düşünülmüş və çevik hərbi taktika sayəsində erməni tərəfinin çoxsaylı tankı və digər zirehli texnikası məhv edildi. Bu müharibədə bizim ən böyük uğurlarımızdan biri də Ermənistanın hərbi infrastrukturunu sıradan çıxarmamız oldu. Onların Dağlıq Qarabağda yerləşən mövqelərinin çoxu məhv edildi. Ordumuz çox peşəkarlıqla manevrlər edərək erməni hərbi texnikalarının yerini müəyyən etdi, onların hərəkət trayektoriyası nəzarət altına götürüldü. Onların maskalanmış, yəni gizlədilmiş mövqelərinin yerləri dəqiqləşdi. Daha sonra onlar sıradan çıxarıldı. Bütün bunların nəticəsində Azərbaycan qısa müddətdə Ermənistan ordusunun bütün hərbi infrastrukturunu iflic vəziyyətinə saldı. Qeyd edək ki, təkcə 500-ə qədər nəqliyyat vasitəsi ya sıradan çıxarılıb, ya da qənimət kimi ələ keçirilib. Eyni zamanda, düşmənin 366 tankı məhv edilib və ya ələ keçirilib. O cümlədən, digər hərbi texnikaları bu qaydada sıradan çıxarılıb. Bütün bu uğurların arxasında ordumuzun döyüş meydanında göstərdiyi mükəmməl qabiliyyəti dayanır”.
Hərbi ekspert hesab edir ki, Ermənistan ordusu çətin bir də özünə gələ bilsin.