Vicdansız məmurlar fəhlənin puluna göz dikirlər

Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinin yeni təyin etdiyi başçılarına deyib ki, "bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb onların problemlərini dinləsinlər".
"İç xəbər" məlumatına görə, İlham Əliyev yeni icra başçılarına tapşırıb ki, "həmişə insanlarla bir yerdə" olsunlar: "İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır".
İlham Əliyev həbs olunan keçmiş icra hakimiyyəti başçıları ilə bağlı danışarkən deyib ki, "son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni" olub.
O, çıxışında aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli iş yerlərinin əməkhaqqının mənimsənilməsinin sözügedən icra hakimiyyəti başçıları üçün "adi hala çevrildiyini" söyləyib.
"Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır", - İlham Əliyev deyib.
Prezident yeni icra hakimiyyəti başçılarına deyib ki, onlar öz davranışları ilə "insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar".
"İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik".
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda oxşar ittihamlarla həbs edilən və ya işdən çıxarılan icra başçısının sayı 6-nı keçib.
Sonuncu dəfə ötən həftə Kürdəmir icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində həbs qəti-imkan tədbiri seçilib.
Saxlanan keçmiş icra başçılarının çoxu "səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında" ittiham olunublar.