Bakıda piket keçirməyə cəhd edildi

Müsavat Partiyasının üzvləri noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyə cəhd göstərib. Piketçilərin tələbi "sərbəst toplaşma azadlığının təmin edilməsi" olub.
Bakı Şəhər İcra Hakimiyyəti piketin keçirilməsinə icazə verməmişdi.
Müsavat partiyasının başqan köməkçisi Gülağa Aslanlı deyib ki, piketlə bağlı əvvəlcədən saxlanan və piket zamanı saxlanan partiya üzvlərinin sayı təxminən 50 nəfərdir. O bildirib ki, hazırda neçə nəfərin polis idarəsində qaldığı dəqiqləşdirilir.
Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, "təxminən 15 nəfər qanunsuz piket keçirməyə cəhd göstərib və hüquqazidd hərəkətlərin qarşısı alınıb".
Polis onlarda "saxlananlar barədə hələlik məlumatın olmadığını" bildirib.
Müsavat Partiyası ötən həftənin əvvəlində mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. İcra Hakimiyyəti onlara mitinqin Bakıdan 20 km uzaqlıqda yerləşən Lökbatan qəsəbəsində, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsini təklif etmişdi.
Müsavat Partiyası bu təkliflə razılaşmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə qurumun inzibati binasının qarşısında piket keçirmək üçün müraciət edib. İcra Hakimiyyəti "piketin keçirilməsini məqsədəuyğun saymadığını" bildirib.
Qurum qeyd edib ki, sözügedən ərazidə təhsil müəssisələrinin, piyadaların sıxlığının və intensivliyin olması nəzərə alınaraq orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi üçün çətinlik yaradacaq.
Bundan öncə Milli Şura oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icazəli piketini keçirmişdi.