Baş prokurorluq Fuad Qəhrəmanlıya qarşı cinayət işi açdı

“Mənim bu cinayət işinə verəcəyim bir cavab var: 19 oktyabrda meydanda görüşərik”
Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, buna səbəb Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının və qızı Selcan Qəhrəmanlının sosial şəbəkələrdə ailələrində baş verən zorakılıqla bağlı paylaşımları olub.
Baş prokurorluq bildirib ki, bu paylaşımlar əsasında araşdırma aparılıb:
“Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət edib və aşağı ətrafların rentgen müayinəsi keçirilib”.
Baş prokurorluq Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işinin başladığını elan edib. Bildirilib ki, hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib.
“Meydanda görüşərik!”
Fuad Qəhrəmanlı məsələyə dərhal münasibət bildirib. O, feysbuk hesabında yazıb: “Baş Prokurorluq mənə cinayət işi qaldırıb. İndi növbəti dəfə aydın oldumu ki, mənə qarşı aparılan kampaniyanın arxasında hansı qüvvələr və maraqlar dayanırmış? Uydurma ittihamlar əsasında məni linç edənlər indi bildilərmi ki, özləri də bilmədən hansı planın tərkib hissəsinə çevriliblər? Sadəcə mən qüruruma sığışdirıb haqsız ittihamlarla bağlı danısmadım və bundan sonra da danısmayacağam. Ancaq biriləri hələ də susmur… Təəsüf.
Mənim bu cinayət işinə verəcəyim bir cavab var: 19 oktyabrda meydanda görüşərik”.