Çeçenistan Respublikasının nümayəndəliyi açılır

Bakıda Çeçenistan Respublikasının nümayəndəliyi açılır. Bu barədə Çeçenistan başçısı Ramzan Kadırov VKontakte sosial şəbəkəsində öz səhifəsində yazıb.
O qeyd edib ki, Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan başçısının müşaviri, RF Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşündə müvafiq razılaşma əldə olunub.
"Dostluq şəraitində söhbət zamanı Azərbaycanla Rusiyanın regionları -Çeçenistan Respublikası arasında iqtisadi, mədəni, idman, humanitar əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Söhbət zamanı Bakıda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılıq əldə olunub", - R.Kadırov yazıb.
O qeyd edib ki, görüş zamanı A.Delimxanov bundan öncə İ.Əliyevə edilən Çeçenistana səfər dəvətini təsdiqləyib. Azərbaycanın lideri deyib ki, "imkan olan kimi" Qroznıya səfər edəcək.