Rusiya XİN: Danışıqlar formatını özbaşına dəyişmək olmaz

Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların formatının dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə mümkündür. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova cümə günü Moskvada brifinqdə bildirib.
"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi dəfələrlə danışıqlar formatı ilə bağlı fikrini bildirib ki, dəyişiklik yalnız tərəflərin razılığı əsasında mümkündür. Bu, təkcə bizim mövqeyimiz deyil, həm də üçlüyün (ATƏT-in Minsk Qrupu) digər üzvlərinin mövqeyidir", - o deyib.
"Əgər hansısa mərhələdə tərəflər Dağlıq Qarabağın danışıqlarda təmsil olunması ilə bağlı razılığa gələrsə, bu, onların qərarı ilə olacaq və biz buna hörmətlə yanaşacağıq", - o deyib və diqqəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin 9 mart tarixli son bəyanatına yönəltməyə çağırıb.