Amerika “ikinci Putin siyahısı”nı açıqlaya bilər

Bu dəfə bir sıra ölkələrdəki Kreml rəhbərinə yaxın olan siyasətçilər və iş adamları hədəfdə olacaq
ABŞ-da “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (Countering America’s Adversaries Through Sanctions Act - CAATSA) haqqında qanun əsasında hazırlanan siyahı Rusiya hakim dairələri və biznes elitasında böyük təşvişə səbəb olub.
Xatırladaq ki, CAATSA Ukrayna hadisələrinə, həmçinin ABŞ-da 2016-cı ildəki prezident seçkilərinə müdaxiləyə görə Rusiyanın cəzalandırılmasını nəzərdə tutur. İyunda qəbul edilən qanunu prezident Donald Tramp tənqid etmişdi.
CAATSA amerikalıların Rusiyadakı energetika layihələrinə yatırımlarının həcmini məhdudlaşdırır. O, həmçinin ABŞ şirkətlərinin Rusiyada biznes fəaliyyətini çətinləşdirir.
ABŞ hökumətinə əsasən, CAATSA qanununa görə, Rusiya ilə bır sıra xarici şirkətlər arasında nəzərdə tutulan çox milyardlıq sövdələşmələr artıq ləğv olunub.
Qnun qəbul edildikdən sonra Konqres Maliyyə Nazirliyindən Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrin bəhrəsini görənlərin adlarının siyahıda olmasını istəmişdi. Adları siyahıya salınan şəxslər gələcəkdə sanksiyalara məruz qala bilər.
Onu da qeyd edək ki, yanvarın sonunda açıqlanan siyahıda 214 nəfərin adı var. Onlardan 118 nəfər Rusiya hakimiyyətində təmsil olunan şəxslər, 96 nəfər isə biznes oliqarxlardır. Siyahı demək olar ki, adları “Forbes” jurnalının siyahısına düşən Rusiya mənşəli bütün oliqarxları əhatə edir. Onlar arasında Rusiyada var-dövlət toplayan Azərbaycan əsilli 4 milyarder də var. Bunlar Fərhad Əhmədov, Qod Nisanov, Vahid Ələkbərov və Araz Ağalarovdur.
Siyahı açıqlanan zaman onun daha bir hissəsinin məxfi saxlandığı bildirilmişdi. Bəzi mənbələr sənədin məxfi saxlanılan hissəsində Putin hakimiyyətinin korrupsiya əməlləri, onların iştirakçısı olan şəxslər barədə də detallı məlumatların olduğunu bildirirdilər. Bu günlərdə isə məlum olub ki, “Putin siyahı”sı adı verilən sənədin açıqlanmayan hissəsində Rusiya prezidentinə yaxın olan şəxslərin daha bir qrupunun adı keçir. Əgər birinci siyahı tam olaraq Rusiya vətəndaşı olan şəxsləri əhatə edirdisə, “ikinci Putin siyahı”sında diqqət başqa ölkələrin vətəndaşlarına cəmləşib. Sənədə müxtəlif ölkələrdə Putin hakimiyyətinə, birbaşa onun özünə bağlı olan şəxslərin adları daxil edilib. Bura xüsusilə postsosialist məkanına daxil olan ölkələrdəki rusiyayönümlü qüvvələrin rəhbər şəxsləri, Putinə simpatiya bəsləyən, o və yaxın çevrəsi ilə sıx əlaqədə olan iş adamları daxildir.
“İkinci Putin” siyahısında əsasən Bolqarıstan, Serbiya, Türkiyə və digər bir neçə ölkənin vətəndaşlarının cəmləşdiyi, xüsusilə Rusiyada biznes quran iş adamlarının adlarının ora salındığı bildirilir. Bundan əlavə, həmin ölkələrdə müxtəlif rəhbər vəzifələri tutan rusiyameylli siyasətçilərin də siyahıya salındığı iddia olunur.
Verilən məlumatlara görə, yaxın vaxtlarda - ən azı Rusiyadakı prezident seçkilərinədək ikinci siyahı da ictimaiyyətə açıqlanacaq.