Prezidentlərə yuxarı yaş senzi tətbiq edilməlidirmi? - Tramp nümunəsi...
Həkim-siyasətçi Sərdar Cəlaloğludan maraqlı şərh
Amerika prezidenti Donald Trampın hər an infarkt və ya iflic ola biləcəyi barədə yayılan məlumatlar gündəmdən düşmür. Psixoloq, həkim və siyasi şərhçilərin rəylərindən aydın olur ki, Tramp barəsindəki bu xəbərlər təsadüf deyil və bunun bir sıra səbəbləri var.
71 yaşlı Ağ Ev sahibinin daha çox yaşının onun düşünmə və idarəetmə fəaliyyətinə ciddi təsirlərinin olduğu, prezident olduğu dönəmdən bu günə qədər onun haqqında üzə çıxan faktları, gəzən söz-söhbətləri məhz bu amillə bağlayırlar. Tramp barəsindəki son bu məlumat prezidentlər üçün yuxarı yaş senzini gündəmə gətirib.
Lakin ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu yaş senzinin prezidentlərə tətbiqinin əleyhinədir. O, fikirlərini bu cür izah etdi: “İnfarkt keçirmək sizin düşündüyünüz kimi yaşla bağlı deyil. Məsələn, tibb tarixində yeni doğulmuş və ya 2-3 yaşındakı uşaqlarda infarkt müşahidə olunur. Lakin 150-180 yaşı yaşayan şəxslərdə isə demək olar ki, infarkt müşahidə edilmir. Bu baxımdan yaşına görə kiminsə infarkt olacağını demək tamamilə yanlışdır. Əksinə, təcrübə göstərir ki, infarktdan ölənlərin 90%-i gənc adamlardır. Çünki daha stress, zərərli adətlər cavanlarda olur. Siqaret çəkmək, zərərli içkilər qəbul etmək, düzgün qidalanmamaq kimi hallar infarkta yol açır ki, buna da gənc adamlar daha çox meyl edirlər. Məsələn, bir nəsildə infarkta meylilik varsa, bu cür hallar ortaya çıxır. Bu baxımdan Trampın yaşının 70-dan çox olduğunu düşünüb, onun infarkt ola biləcəyini demək düzgün deyil. Corc Buş (ata) 100 yaşına qədər yaşadı, infarkt olmadı, həmçinin Ronald Reyqan. Dünya siyasətində yüzlərlə şəxsin adını çəkə bilərəm ki, 90 yaşdan yuxarı yaşayıblar və infarkt olmayıblar. Sovet hökumətinin liderlərinin əksəriyyəti 90 yaşı keçiriblər - baxmayaraq ki, həyatlarında ən gərgin hadisələri yaşayıblar. Fidel Kastro həyatının ən gərgin anlarını keçirib, ağır inqilab edib və hazırda yüzə yaxin yaşı var. İdarəetmə isə insanlarda zehni və fiziki sağlamlıq tələb edir. Dövlət başçıları zehni cəhətdən xəstə olanda bəşəriyyətə daha çox zərbə vururlar, nəinki fiziki cəhətdən.
Amerika prezidenti Ruzveltin ayaqları işləmirdi. Amma ikinci dünya müharibəsinin daha müvəffəqiyyətlə başa çatması onun adı ilə bağlıdır. İnsan da var ki, fiziki cəhətdən tam sağlamdır və bütün dünyanı qana çalxalayır. Psixologiya elmi inkişaf edəndən və Hitler kimi şəxslərin psixoloji portretlərini cızanda məlum olur ki, onların hamısında gizli şizofreniya olub. Vaxtilə Stalini yoxlayan bir alim var idi. Çox məşhur idi və hətta o öləndə onun beynini çıxarmışdılar ki, belə bir nadir insanın beyni çox güman ki, nadir eksponatdır. Stalin bir dəfə nasaz olur və onu yoxlayandan sonra çıxıb deyir ki, Stalində ağır şizofreniya xəstəliyi var. Məhz bu səbəbdən Stalin onu zəhərlətdirib öldürtdü. Onu demək istəyirəm ki, prezidentlərin davranışlarından sonra onların bu posta layiq olub-olmadıqlarını demək olar. Bu dəqiqə prezidentlər arasında zehni sağlam olanlar çox azdır. Fransa prezidenti Makron anası yaşında insanla evlənib, Tramp beş dəfə evlənib və qarşısına çıxan hər qadına pastel təklif edir. Bunlar əslinə qalsa psixoloji çatışmamazlığın əlamətləridir. Prezidentləri psixoloqlara göstərsək, əksəriyyətində ruhi patologiyanın olduğunu görərik. Prezidentlərin adi insanın gözü ilə görünməyən, amma həssas mütəxəssis gözü ilə görünən həddən artıq çox xəstəlikləri, davranış pozuntuları olur. Çox təəssüflər olsun ki, bu məsələlərdə ciddi tələblər yoxdur”.

ADP sədri Tramp haqqında deyilən bu fikirlərin elmi əsaslarının olmadığını da söylədi: “Ola bilər ki, təbliğat aparıb, Trampa qarşı etmək istədikləri impiçment məsələsini reallaşdırmaq istəyirlər. Bunları bəhanə gətirib bunu həyata keçirmək istəyində ola bilərlər. Açığı, düşünmürəm ki, Tramp indiki gərginlikdən infarkt olacaq. Əksinə, elm sübut edir ki, gərginliyə düşən şəxslər əvvəlcədən hazırlıqlı olurlarsa, uzunömürlü olurlar, çox yaşayırlar. Dünya tarixində uzun illər ağır günlər yaşayan siyasətçilərin həyatlarını göstərmək olar. Məsələn, Cənubi Afrikanın rəhbəri Mandela 27 il həbsxanada olub. Amma neçə il yaşadığı görünür. Ağır günlər keçirən şəxslər əksinə fiziki cəhətdən daha möhkəm olurlar. Maraqlıdır ki, siyasətçilər və filosoflar arasında uzunömürlülərin sayı digər sahədə olanlardan qat-qat çoxdur. Hətta idmanla məşğul olanlardan belə çoxdur. Bunun da bir sıra səbəbləri var: fəlsəfə və siyasət bir-birinə yaxın sahələrdir. Bu da insanın həyatı düzgün dərk etməsinə, düzgün mövqe tutmasına gətirib çıxarır ki, bu da öz növbəsində uzunömürlülüyün əsas şərtlərindən biridir”.










