Siyavuş Novruzovdan deputat həmkarlarına atmaca

“Bu layihəni xəyal adlandırırdılar, layihənin gerçəkləşəcəyinə inanmırdılar”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azəri-Çıraq-Günəşli” üzrə yeni sazişin ratifikasiyası zamanı deyib.
O bildirib ki, tarix bu fikirlərin xülya olduğunu göstərdi: “O zaman bu müqaviləni bəyənməyənlərdən hazırda Milli Məclisin iclasında oturanlar da var, sazişi dəstəkləyirlər. Digərləri də zamanında başa düşəcəklər”. S.Novruzov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev sözünün üstündə duran şəxs kimi tanınır, dəstəklənir: “Ölkədə bu müddət ərzində məktəblər, xəstəxanalar, iaşə obyektləri tikilib, abadlıq-quruculuq işləri görülüb”.
Qeyd edək ki, müzakirələrdən sonra Milli Məclisdə sentyabrın 14-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azerbaijan (ACG) Limited”, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş saziş ratifikasiya olunub. Xatırladaq ki, saziş 2049-cu ilin 31 dekabrınadək qüvvədə olacaq.