Türkiyəli diplomat ürəyinə stend qoyulmasından danışdı

Hamit Karadeniz: “Kardioloq zəruri olan hər şeyi edib”
Ötən həftə ürəyində yaranmış problemlər səbəbindən tibb müəssisəsinə yerləşdirilən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin durumu yaxşıdır. Bununla bağlı diplomat açıqlamasında bildirdi. Hamit bəy dedi ki, bir az əvvəl səfirliyə də baş çəkib və daha sonra evə dönüb.
Əvvəllər ürəyindən şikayətçi olmayan diplomatın sözlərinə görə, səhhətindəki problem oktyabrın 18-də yaranıb: “Keçən həftənin üçüncü günü səhər erkən qalxıb həmişəki kimi, səhər gəzintisinə çıxdım. Daha sonra evə gəldim, hər şey yaxşı idi. 9-un yarısı işə getmək üçün evdən çıxdım. Liftə minəndə sol tərəfimdə ağrı başladı. Evim səfirliyə yaxındır, odur ki, ”keçər" dedim, iş yerinə gəldim. Ancaq baxdım ki, ağrılarım artır. Oğlum da kardioloqdur, onu aradım, dedim sol qolumda və sol tərəfimdə ağrılar var, həmçinin tərləyirəm. Dedi təcili kardioloqa, EXO-ya get! Mən də çox yaxından tanıdığım və dəyər verdiyim Üzeyir doktoru (Üzeyir Rəhimov, “Baku Medical Plaza”nın kardiologiya şöbəsinin müdiri-E.P.) aradım, “həmən gəlin” dedi. Həyat yoldaşımla bərabər “Baku Medical Plaza”ya getdik. Üzeyir doktor EXO çəkiləndən sonra nəticəyə baxanda həyəcanlandı. Dedi hazırlıq görün, anjuya götürəcəyik. Ana damar tutulubmuş. Qolumdan girdilər, damar açdılar. Demə, ciddi qəlb krizi keçiribmişəm". H.Karadeniz bildirdi ki, bir az da gec olsaydı, riskli nəticələrlə üz-üzə qala bilərmiş: “Oğlumla danışmağın böyük faydası oldu. Həmçinin də həkimlər çox operativ davrandılar, yüksək səviyyədə diqqət göstərdilər. Stend qoydular, bir gün nəzarət altında qaldım. İkinci gün də orda saxladılar. Daha sonra evə gəldim. Çox şükür, keçdi, artıq yaxşıyam”. Qardaş ölkənin diplomatı həkimlərdən bir daha razılıq elədi: “Xəstəxanadan, doktor Üzeyir bəy başda olmaqla, bütün tibb personalının xidmətindən çox razıyıq. Çox gözəl xidmət etdilər”.
Hamit Karadeniz bildirdi ki, bu müddətdə dostlardan böyük diqqət görüb: “Səfirimiz Erkan Özoral bəy yanıma gəldi. Digər diplomatlar, həmçinin dostlar da baş çəkdilər, gələnlər, gedənlər, Azərbaycandan, Türkiyədən, həmçinin dünyanın digər ölkələrindən zəng edənlər çox oldu, hər birisinə təşəkkür edirəm”.
Diplomat dedi ki, bundan sonra səhhətinə daha çox diqqət etməsi lazımdır: “Bir neçə gündür evdə dincəlirdim. Bu gün dedim işə gedim, bir-iki saat işdə olum. Kökəlməyi kənara qoyub arıqlayacağıq. Dərmanları mütəmadi istifadə edirəm. Oğluma dedim gəlmə, amma o da gəldi, doktorla görüşdü. Dedi həkimlər zəruri olan hər şeyi ediblər. Oğlum Muhamməd Karadaniz Kırıkkale Universitetinin tibb fakültəsində kardioloji sahəsində uzmanlıq edir. Üzeyir bəyin anjusunu, müayinə, müalicəsini çox bəyəndi”.
Dəyərli Hamit bəyə bir daha “keçmiş olsun” deyirik.