Türk mənşəli erməni adları...

Kardaşyan, Köçəryan kimi adlar qoymaqda ermənilərin niyyəti nədir; Firudin Cəlilov: “Onların çoxu dönmə ermənidir”
Erməni dilində şəxs adlarına və sözlərə diqqət yetirəndə türk dillərinə yaxın ifadələrə rast gəlirik. Ötənlərdə də bu məsələ müzakirə mövzusu olub, indi də bu, aktuallığını qoruyub saxlayır. Buna səbəb də hiyləgər xalqın adqoymada türk adlarına oxşar adları qoymalarıdır. Robert Köçəryan, Kim Kardaşyan və bu tipli çoxsaylı erməni adlarını misal çəkə bilərik.
Türkoloqlar bildirirlər ki, əslində burada da məkrli erməni planı var. Bununla ermənilərin türk adlarını özününküləşdirmək və ənənəvi olaraq iddialarını irəli sürdükləri türk torpaqlarında yaşadıqlarını göstərmək istəyirlər.
Sabiq təhsil naziri, tanınmış türkoloq Firudin Cəlilov açıqlamasında Azərbaycanda şəxs adları qoyulanda belə məsələlərin nəzərə alınmadığını bildirdi: “Azərbaycanda adlar qoyulanda belə məsələlər nəzərə alınmır, çünki bunlar türkcə adlardır. Bəs nə üçün ermənilərin bəzilərinin adları türkcədir? Bu tamam başqa məsələdir. Bu, vaxtilə xristian türklərinin getdikcə kilsə tərəfindən erməniləşdirilmələri ilə bağlıdır. 1500 ildir bu proses davam edə-edə bu günə gəlib çatıb. Onlar yenə qədim türk adlarını saxlayıblar. Qarabağ erməniləri iki yerə bölünürdü, biri türk xristianlar, digəri hay xristianları idi. Türk xristianlar türkcə danışırdılar, adları da türkcə idi. Getdikcə onlar erməniləşdilər, türklükdən uzaqlaşdılar. Millət din vasitəsilə bu şəklə salındı. Məsələn, son vaxtlara qədər bir əmioğlunun adı türk adı idi, digəri isə erməni adı idi. Yəni bir ailə müsəlmanlaşmışdı, digəri xristianlamışdı. İndinin özündə bu cür hallar məhz xristianlaşan türklərlə bağlıdır. Tarixdə ermənilərlə türklərin bəzi zamanlarda bir yerdə yaşamalarının bu məsələyə dəxli yoxdur. Heç kim öz övladına başqa bir millətin adını boşuna qoymaz. Bu ən çox dinlə bağlıdır. Məsələn, bizdə Musa, İsa, Məryəm, İbrahim kimi adlar var. Bunların hamısı dinlə bağlıdır. İslam dini yaranandan sonra da müsəlman olduq. Amma bu tipli adların qoyulması ənənəsi qaldı. İndinin özündə bizdə yüzlərlə ərəb adı var. Bu adlar da dindən gəlir”.
Türkoloq bir çox ermənilərin bu adlardan canlarını qurtarmaq istədiklərini də qeyd etdi: “Ermənilərin bu tipli türk adlarını özününküləşdirmək üçün övladlarına qoyduqlarını zənn etmirəm. Çünki onlar getdikcə bu adlardan canlarını qurtarmaq istəyirlər. Bu adlar onların tarixinə aydınlıq gətirir. Məlum olur ki, onların çoxu dönmə ermənidir”.