Rusiyada müəmmalı siyasi ölümlər...

Onların sırasında siyasətçilərdən tutmuş, hərbi səhra komandirləri, diplomatlar və ictimai fəallar da var
“Keçmiş parlament üzvü Kiyevin mərkəzində güllələnir, uzun illər Rusiyanın BMT-dəki nümayəndəsi olmuş diplomat qəfildən ürəktutmasından keçinir, Ukraynada bir hərbi dəstə komandiri Donetskdə liftin içində partladılaraq qətlə yetirilir, Rusiyanın MDB üzrə naziri Vaşinqtondakı otellərdən birində ölü olaraq tapılır...”, - “USA Today” qəzetinin yazarı Oren Dorellin yazısı belə başlayır.
Müəllif 2014-cü ildən bu yana Rusiyada hələ də açılmayan 38 şübhəli ölümün mövcud olmasından yazır. Bunların içində 10 müxalifətçi, 7 diplomat, 6 Kremllə bağlantıları olan, lakin sonradan ixtilafa düşən iş adamı və Ukraynanın şərqində döyüşən 13 hərbçi və siyasi xadimi göstərmək olar.
Bundan başqa Rusiya ilə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında bağlantı quran şəxslər də naməlum səbəblərdən dünyalarını dəyişiblər.
“Bütün bunlar Putin və ətrafının tənqid edilməsinin ölümcül təhlükə daşıdığını göstərir” - müəllif qeyd edir.
Putinin rejimində təqibə məruz qalanlardan və möcüzəvi şəkildə sağ qurtulanlardan biri də politoloq Vladimir Kara-Murzadır.
Kara-Murza Rusiyanın ən aktiv müxalifətçisi, keçən həftə naməlum şəxs tərəfindən yaşlıq məhlul atılaraq gözü zədələnən Aleksey Navalnı ilə əməkdaşlıq edib.
Vladimir Kara Murza məqalə müəllifinə iki dəfə - 2015-ci ilin mayında və 2017-ci ilin fevralında həyatına sui-qəsd olunduğunu söyləyib.
Vladimir Kara-Murza ABŞ Konqresində Maqnitski qanununa dəstək verən çıxışına görə fiziki təqibə məruz qaldığını gizlətmir. O, Konqresdəki dinləmələr zamanı öz xalqını soymaqla sərvət toplayan rusiyalıların ABŞ-a sərmayə qoymasına imkan verməməyə çağırmışdı.
Analitik Boris Zilberman (Foundation for the Defense of Democracies) bəzi diplomatların ölümünü təbii səbəblərlə bağlayır: “Bunu 64 yaşlı Vitali Çurkinlə bağlı demək olar. Lakin keçən ilin dekabrın 20-də Moskvadakı mənzilində başındakı güllə yarası ilə öldürülmüş halda tapılan Rusiyan XİN-in Latın Amerikası şöbəsinin əməkdaşı Pyotr Postnikov cinayəti ilə bağlı ciddi araşdırma getməldir”.
Rusiya analitikləri Tramp və onun seçki qərargahı ilə əlaqələrin qurulmasına vasitəçilik edən Oleq Yerovinkinin və Aleks Oronovun ölümlərindəki şübhəli məqamlara diqqət çəkirlər.
“Rusiya kəşfiyyatının generalı, 61 yaşlı YerovinkinRusiyanın neft-qaz nəhəngi "Rosneft"in aparat rəhbəri vəzifəsində çalışıb və Putinin yaxın çevrəsinə daxil olub. O, keçən il dekabrın 26-da, Moskvada öz avtomobilinin arxa oturacağında ölü olaraq tapılıb. Ölümün səbəbləri bu günə qədər də müəyyən edilməyib”, - məqalədə qeyd edlir.
Oleq Yerovinkin
Nyu-York biznesmeni, Ukraynada anadan olmuş 69 yaşlı Aleks Oronov isə bu il martın 2-də müəmmalı şəkildə dünyasını dəyişib. Ukrayna parlamentinin üzvü Andrey Artyomenkonun sözlərnə görə, Oronov onu Donald Trampın seçki qərargahının üzvü vəkil Maykl Koen və Trampın iş partnyoru Feliks Saterlə görüşdürüb. Tərəflər Ukraynada Rusiyanı razı salacaq sülh planını müzakirə ediblər. Artyomenkonun iddiasına əsasən bununla bağlı informasiyaların mətbuata sızmasından sonra Oronov qurban olaraq “seçilib”.
Aleks Oronov
Məqalədə 46 yaşlı britaniyalı Metyu Pançer adlı şəxsin ölümünə də diqqət çəkilib. Həmin adam polonium üzrə mütəxəssis sayılıb. O, Rusiya xüsusi xidmət orqanları tərəfindən radioaktiv maddə ilə öldürülən keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun ölüm səbəblərini araşdıranlardan biri imiş. Məlumatlara görə, Pançer keçən ilin mayında Rusiyadan qayıdan zaman Oksfordşirddə (London-red), yaşadığı evdə özünə ölümcül bıçaq zərbəsi endirib.
Aleksandr Litvinenko
“Putin kriminal bir rejimin başında dayanır. Əlində onun əleyhinə kompromat xarakterli material olan xeyli adam var. Buna görə də bu qədər insanın müəmmalı şəkildə ölümü heç kimi təəccübləndirməməlidir”, - deyə məqalənin yekununda qeyd olunur.