İsrail öz casusunun ortaya çıxarılması ilə bağlı Ağ Evə qəzəblidir

Tramp İsrailə yönəlik seçkiqabağı vədlərini yerinə yetirmir
ABŞ prezidenti Donald Trampın gələcək həftə Yaxın Şərq ölkələrinə səfəri gözlənilir. Lakin səfər öncəsi Rusiyaya kəşfiyyat məlumatının ötürülməsi ilə bağlı skandal iki ölkənin rəhbərliyi arasında münasibətləri bir qədər korlayıb.
Xəbər verildiyi kimi, Trampın Lavrova verdiyi məxfi məlumatlar İsrail kəşfiyyatı tərəfindən ABŞ xüsusi xidmət orqanlarına ötürülübmüş. “Mossad” buna görə onların izni olmadan həmin informasiyanın Moskva ilə paylaşılmasına olduqca qəzəblidir.
“ABŞ dostdur ya düşmən, köhnə yoldaş, yoxsa boşboğaz… Bu suallar İsrail mətbuatında indi tez-tez səslənir. Tramp ən son hərəkəti ilə həm İsrailin casusunu aşkara çıxara, həm də Tel-Əvivi Suriya və İranla üz-üzə, təhlükəli situasiya qarşısında qoya bilər. Çünki İsrailin ən qatı düşmənləri Moskvanın yaxın dostlarıdır. İsrailin casus taktikasının ən incə detalları onların əlinə keçə bilər”, - Almaniyanın Die Welt qəzetindən Gil Yaron yazır.
“Bu skandal Trampın İsrailə səfərinə ciddi şəkildə kölgə salır. Trampın ziyarəti əslində Obama dövründə korlanan münasibətləri düzəltmək məqsədilə tərtib edilmişdi. İndi Tramp İsrail üçün daha problematik və qeyri-müəyyən dost halına gəlib”, - məqalədə deyilir.
“İki ölkə arasında bu cür vəziyyətə ilk dəfədir, rast əlinir. İsrail Yaxın Şərqdə ən yaxşı agent şəbəkəsinə malik ölkə sayılır. Bu səbəbdən də məhz İsrail ABŞ-ın bölgədəki ən strateji müttəfiqi sayılır”, - “Mossad”ın keçmiş rəhbəri Şabtay Şavit İsrail dövlət radiosuna bildirib.
Trampdan təkcə İsrail xüsusi xidmət orqanları narazı qalmayıb. Onun qələbəsinə ən çox yəhudi dövlətinin sağ qanadından olan siyasətçilər sevinirdilər. Onların düşüncəsinə görə, Tramp ABŞ-ın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməklə şəhəri rəsmən paytaxt olaraq tanıdığını nümayiş etdirməli idi.
Lakin ard-arda gələn bir sıra hadisələr bu təşəbbüsün yaxın vaxtda baş verməyəcəyini göstərib.
İlk öncə Trampın mətbuat katibi “Holokost günü”ndə faciə qurbanlarını anmağı unudub. Trampın İsraildə səfəri zamanı Yad Vaşem abidəsinin (Qüdsdə yəhudi genosdi qurbanlarının xatirəsinə ucaldılıb) ziyarətinə cəmi 15 dəqiqə vaxt ayrılıb. Yəhudilər üçün müqəddəs sayılan “Ağıt divarı”na baş çəkilməsi zamanı D.Tramp İsrail rəsmilərinin onu müşayiət etməməsini tələb edib.
“Hətta Ağ Evin əməkdaşlarından biri İsrail yetkililərinə “Onsuz da divarın yerləşdiyi yer sizin deyil, ora Qərb sahilinin ərazisidir, yəni Fələstindir” deyib. Sonradan administrasiya öz əməkdaşının bu sözlərini təkzib etməyə məcbur olub”, - Almaniyanın Handelsblatt qəzetinin müxbiri Frank Vibe yazır.
Artıq Ağ Evdə səfirliyin Qüdsə köçürülməsindən söhbət açan yoxdur. Üstəlik Betlehemdə Tramp Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasla görüşəcək.
“Trampı İsraildə isti qarşılama gözləyir. Lakin kulislər arxasında ABŞ-a yönəlik etimadsızlıq və narazılıq getdikcə artır”, - Die Welt qəzetindən Gil Yaron qeyd edir.
Lakin İsraildə həm Trampa, həm də Rusiyaya qahmar çıxanlar da tapılıb. İsrail xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Yakov Kedmi Rusiya mətbuatına müsahibəsində İsrailin Rusia ilə həmişə kəşfiyyat məlumatlarını mübadilə etdiyini söyləyib:
“Əgər Rusiyaya qaşrı təhlükə yaransaydı, bunu İsrail özü Moskvaya çatdırardı. ABŞ mətbuatında qoparılan mərəkə D.Trampın gözdən salınması və onun legitimliyinin şübhə altına alınması üçündür. Buna paralel olaraq Rusiyaya qarşı hücum edirlər. Sanki normal münasibət saxlamaq istədikləri dövlət haqqında deyil, qanlı düşmənləri haqqında danışırlar”.