63 yaşını qeyd edən sənətkar: “Ən böyük hədiyyəni nəvələrim verdi”
Bu gün xalq artisti, məşhur tarzən Möhlət Müslümovun doğum günüdür.
63 yaşını qeyd edən sənətkar doğum günü ilə bağlı təəssüratlarını bizlərle bölüşüb: “Sözün düzü, mənim təmtəraqlı ad günü keçirməklə çox da aram yoxdur. Xüsusən də yaydan, istilərdən xoşum gəlmir. Hərdən rəhmətlik anama zarafatyana deyirdim ki, “Niyə yayda dünyaya gəldim?” Mən hər doğum günümdə təvazökarlıqdan uzaq da olsa da bildirim ki, arxayın oluram. Düşünürəm ki, doğrudan da nəsə etmişəm ki, xalq məni bu qədər sevir. Bildiyiniz kimi, bir çox sosial şəbəkələrdə varam. Dünən gecədən başlayaraq doğum günüm ilə bağlı saysız-hesabsız təbrik məktubları alıram.
Güney Azərbaycanda 40 milyon azərbaycanlımız yaşayır, orda da tanımadığım adamlar tərəfindən mənim üçün çox səliqəli səhifələr açılıb, işlədilir. Həmin səhifələrdə mənim ifalarım yerləşdirilib, təbliğ olunur. Adi gündə bəzən 200 məktub aldığım halda, təsəvvür edin ki, bu gündə nə qədər təbriklər almışam. Təəssüf ki, onların hamısını cavablandıra bilmirəm. Səhər saatlarında televiziya vasitəsi ilə onlara öz minnətdarlığımı çatdırdım və mənə gələn bütün məktublara cavab yaza bilmədiyim üçün üzrxahlıq etdim. Ümumiyyətlə, mən çox xoşbəxt sənətkaram ki, məni dövlətim də, xalqım da qiymətləndirir”.
Xalq artisti doğum günü sevincinə daha bir sevincin əlavə olunduğunu açıqlayıb: “Bu günlərdə Səbuhi nəvəm Uludağda çox nüfuzlu bir universitetə daxil olub. Digər nəvəm Nüşabə də qəbul imtahanlarında çox yüksək bal toplayıb, bu günlərdə dövlət universitetlərindən birinə seçim edəcək. Beləliklə nəvələrim mənim ad günümə ən böyük hədiyyələrini verdilər”.
Möhlət Müslümov arzularından da söz açıb: “Təkcə özümə deyil, ümumi xalqıma da onu arzulayıram ki, tezliklə işğal olunmuş Qarabağ torpaqlarımız geri qayıtsın. Vaxtilə Qarabağ toylarında çox iştirak etmişəm. İndi arzum budur ki, kimlərinki toylarını etmişəm, hansı ki, indi onların 50-60 yaşları var, Qarabağda onların nəvələrinin toylarında da iştirak edim...
Onu arzulayıram ki, efirdən həmişə gözəl musiqilərimiz səslənsin, bayağı musiqlərimiz aradan yığışdırılsın. Bizim çox gözəl musiqilərimiz var, hansı ki, dünyanın heç bir yerində yoxdur. Muğamlarımızla, xalq mahnılarımızla övladlarımızı böyüdüb, tərbiyə etsək, yer üzündə bizdən gözəl və tərbiyəli xalq olmayacaq”.
Xatırladaq ki, xalq artisti Möhlət Müslümov hazırda Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosenti, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edən sənətkar 2000-ci ildə əməkdar artist, 2005-ci xalq artisti fəxri adlarına layiq görülüb, 2006-ci ildən prezident təqaüdçüsüdür.










