Nazirlik müğənnilərə xəbərdarlıq etdi
“Ölkə çıxışınıza qadağa qoyula bilər”
Vergilər Nazirliyi şou-biznes nümayəndələri üçün daha bir bildiriş-müraciət yayıb. Müraciətdə bir daha vurğulanıb ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
“Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir.
Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir". Müraciətdə həmçinin qeyd olunub ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.
Xatırladaq ki, nazirlik vergi borcuna görə ötən il bir neçə məşhur müğənninin ölkədən çıxışına qadağa qoymuşdu. Onların arasında əməkdar artistlər Abbas Bağırov, Aygün Bəylər, müğənni Ramal İsrafilov da var idi.










