Günay: “Şəxsi həyatım barədə 1 kəlmə də danışmayacağam”

Müğənni Günay İbrahimli yeni təqdim etdiyi “O kimdir ki” mahnısına çəkilən klipdən danışıb.
“Ekran işi çox bəyənildi, bu da məni sevindirir. Sənət yoldaşlarım da sosial şəbəkədə paylaşdı. Hara gedirəmsə, o mahnını eşidirəm. Bu da yaxşı nəticədir. Mahnı sevgilisinə acıq edən qızların dilindən səslənir. Klipdə rol alan model nitq məhdudiyyətlidir. Deyə bilərəm ki, bu işə həm də sosial layihə kimi baxmışıq. Özüm gənc olsam da, gənclərə hər zaman dəstəyəm. Bundan sonra da belə addımlar atacağam”.
Müğənni artıq kilolardan da azad olduğunu bildirib: “Hazırda arıqlamışam. Bir ara çox kökəlmişdim. Səhnə adamı hər zaman formada olmalıdır. Ona görə də qısa zamanda arıqladım. Ümid edirəm ki, bir daha kökəlməyəcəyəm”.
Günay geyim seçimindən də söhbət açıb: “Çox zaman geyimlərimi özüm seçirəm. Sadə bir geyimlə elə aksessuar taxaram ki, çox zövqlü görünər. Üzərimdəki hər şey bir-biri ilə tutmalıdır. Məsləhəti klip və konsertlər zamanı alıram. Gündəlik öz zövqümə uyğun geyinirəm”.
Tez-tez şəxsi həyatı ilə gündəmə gələn İbrahimli artıq bu haqda danışmayacağını deyib: “Son zamanlar çox danışmışam şəxsi həyatım haqda. Artıq qərar vermişəm. Şəxsi həyatım barədə 1 kəlmə də danışmayacağam”.