“Sizi aşın, yoxsa müğənnilərin çox olması narahat edir?” – Nazimdən Turana
Müğənni-bəstəkar Haci Nazim aparıcı Turan İbrahimovun toylarda müğənnilərə yüksək qonorar verilməsini pisləməsinə etiraz edib.
Müğənni videomüraciət yayaraq bildirib ki, insanlar dəbdəbəli toy edərək, övladları ilə bağlı arzularını gerçəkləşdirirlər:
"Toyların dəbdəbəli keçirilməsi ilə bağlı məsələlərdə bizi nə narahat edir? Aşın çox olmasıı, yoxsa müğənnilərin? Tutaq ki, birinin çox yaxşı imkanı var, övladına toy edir. Məsələn, Turan, sizin 10 milyon pulunuz var, 3 milyon, 2 milyon, hər nə varsa, lap 100 min var, Allah bərəkət versin. Övladınıza toy edirsiniz və o istəyir ki, toyunda filankəslər olsun. Atanın da buna imkanı çatır. Övlad da ömründə bir dəfə toy edir. Atası da deyir ki, baş üstə, istədiyi müğənniləri çağırır, xaricdən oxuyan gətirir və yaxud hər nə isə. Bu kimi narahat edir? Bu niyə Turanı və ya başqa insanları narahat etməlidir? Burada insanlar arzularına çatmış olur.
Müğənnilər də 2 il işləmədilər, şükür Allaha, həm köhnədən beh aldıqları, həm yeni yazılan işlərlə bu cür insanların vasitəsilə əziyyət çəkərək qazanırlar. Bu müddət ərzində kimsə kiminsə cibinə gətirib pul qoymayıb. Təbii ki, bəzilərini çıxmaq şərti ilə. Heç qapımızı da döyən olmadı ki, vəziyyət nə yerdədir. 2 ildən sonra bu insanlar əziyyətlə oxuduqlarının hesabına pul qazanırlar. Bunun nəyi pisdir ki? Nədir burada problem? Biz nəyi araşdırır, nə istəyirik?
Söhbət israfdan gedirsə, bəli, ola bilər ki, masalarda yemək çoxdur. Amma övlad istəyəndə ki, filankəs toyuma gəlsin, onda necə olacaq? Onda uşağa deyəcəksiniz ki, biz dəbdəbəli toy keçirmirik, sadə olacaq, cəmi 100 nəfər adam çağıracağıq, bir oxuyanımız olsun, o da tanınmış olmasın. Bu müğənnilərə qarşı olan qərəzimiz nədir? Yoxsa, istəyirik yenidən toylar bağlansın, camaat toy etməsin? Bu problemi işıqlandırmaqda məqsədimiz nədir?
Qoy toylarımız olsun dəbdəbəli, şıdırğı, sazlı-sözlü, muğamlı, çoxlu oxuyanlarla, rəqqaslarla, işıqlı, böyük zallarda, lap palatkalarda, dəniz qırağında, harada olur-olsun, amma toy olsun. Kimin gücü, imkanı nəyə çatırsa, elə".