“Şərəf” ordenli Mənsum İbrahimov: “Dünənki hadisə bizim ikinci zəfərimizdir”
Ötən gün- 15 iyun Qurtuluş Günündə mədəniyyət naziri Anar Kərimov Prezidentin sərəncamı ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci və 2-ci dərəcəli “Əmək” ordenləri və digər təltiflərə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edib. Mükafatlandırılanlar arasında “Şərəf” ordeninə layiq görülmüş Xalq artisti, xanəndə Mənsum İbrahimov da var.
Ustad xanəndə təltif olunması və dünənki günün əhəmiyyəti ilə bağlı danışıb. O bildirib ki, təəssüratları o qədər gözəldir ki, ifadə etməkdə çətinlik çəkir:
“İlk növbədə ona görə ki, dünən Şuşada çox möhtəşəm bir günə, Türkiyə ilə Azərbaycan arasında bəyannamənin imzalanmasına şahidlik etdik, bu prosesi izlədik. Bu, çox qürurverici idi. Qarabağın alınması bir başqa zəfərdir. Lakin dünənki hadisə artıq ikinci zəfərimiz idi. Orada bir daha dünyaya mesaj verdik ki, artıq bu torpaqların sahibi bizik və hər kəs öz yerində otursun.
Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Ali Baş Komandanımızın, Müzəffər ordumuzun təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayıram. Onların sayəsində müqəddəs torpaqlarımız geri qayıtdı. Başqa cür də mümkün deyildi. 30 il biz torpaqlarımızın həsrətini çəkmişik. Bir il bundan əvvəl biz bunu ancaq arzulaya bilərdik, lakin bu gün arzularımız gerçəyə çevrilib.
Bəzən bütün olanlar bizə yuxu kimi gəlir. Düşünürük ki, doğrudanmı bunlar reallıqdır? Şükürlər olsun ki, biz Qarabağ problemini övladlarımıza saxlamadıq. Bizim nəsil həm işğal gününü, həm də bu günləri gördü. Şükür bizi qovuşdurana, bunları bizə yaşadanlara.
İnanıram ki, bundan sonra işlərimiz daha da çox olacaq. Qarabağda mədəniyyət layihələri, o cümlədən “Xarıbülbül”, Muğam festivalı, beynəlxalq festivallar həyata keçirəcəyik. Bir sözlə, bundan sonra yalnız Qarabağın quruculuğu ilə məşğul olacağıq.
“Şərəf” ordenini də məhz möhtəşəm gündə almağım çox sevindirici oldu. Qalib gəlmiş xalqın sənətkarı kimi bu mükafatı almaq möhtəşəm hisslərdir. Bunun üçün Prezidentimizə, Mədəniyyət Nazirliyinə öz təşəkkürümü bildirirəm”.